Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan
Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində,
Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində
silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər
Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun
Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların
diqqətinə çatdırılıb.

Çıxış edənlər bildiriblər ki, dövlət suverenliyi anlayışı hər
bir müstəqil dövlətin fundamental əsaslarından biridir. Məhz buna
görə də 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin
imzaladığı Sərəncama əsasən, hər il sentyabr ayının 20-si Dövlət
Suverenliyi Günü kimi qeyd olunur.




Qürur hissi ilə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin
Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi
irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.

Çıxışlar zamanı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü
uğrunda həyata keçirilmiş Vətən müharibəsi və sonrakı
əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və
təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə
çatdırılıb.

Həmçinin şəxsi heyətə Dövlət Suverenliyi Gününün Azərbaycan
xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin
konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması və
milli həmrəyliyin güclənməsinin təcəssümü olduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti,
şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək
xatirələrini hörmət və ehtiramla yad ediblər.