
Bakı. Trend
Almaniya hakimiyyəti 2027-ci ilin iyulundan plastik
qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır.
“DPA” agentliyinin məlumatına əsasən, bu barədə ölkənin Ətraf
Mühit və Maliyyə nazirlikləri tərəfindən hazırlanmış qanun
layihəsində qeyd olunub. Sənədə əsasən, plastik qablaşdırmanın hər
tonuna görə 550 avro rüsum tutulacaq.
Vergi plastik qablaşdırma və plyonkalara, həmçinin tərkibində
plastik payı 5 faizdən çox olan qarışıq qablaşdırma materiallarına
şamil ediləcək. Yeni qaydalar qablaşdırma və daşınma qablarını,
qapaqları, bağlayıcıları və plastik kapsulaları da əhatə
edəcək.
İstehsalçılar qablaşdırma 100 faiz təkrar emal olunmuş
plastikdən hazırlandıqda vergi güzəşti üçün müraciət edə
biləcəklər. Layihənin 2027-ci ildə federal büdcəyə 805 milyon avro,
2028-ci ildən isə ildə təxminən 1,5 milyard avro gəlir gətirəcəyi
gözlənilir.

