Bakı. Trend:
Azərbaycanın son illərdə keçdiyi tarixi yol dövlətimizin
gücünün, xalqımızın həmrəyliyinin və milli iradəsinin hansı böyük
nəticələrə gətirib çıxara bildiyini bütün dünyaya nümayiş etdirib.
Bu gün ölkəmiz beynəlxalq müstəvidə öz milli maraqlarını qətiyyətlə
müdafiə edən, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi
qəbul olunur. Bu reallığın arxasında isə uzun illər ərzində həyata
keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti, möhkəm iqtisadi
təməl, güclü ordu və ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi
ilə formalaşdırılan strateji inkişaf xətti dayanır.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə
Salmanova deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII
Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi
tarixi yolun nəticələrini və qarşıda duran vəzifələri bütün
aydınlığı ilə ortaya qoydu:
“Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın
yeni reallıqlarını, regionda formalaşan siyasi mənzərəni və
ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini özündə əks
etdirən mühüm siyasi mesajlarla zəngin idi. Bu çıxış bir daha
göstərdi ki, Azərbaycan qazandığı tarixi Zəfərlə kifayətlənmir,
əldə etdiyi tarixi nəticələri qorumaq və dövlətimizin gücünü daha
da artırmaq əzmi ilə yoluna davam edir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük
hörmətə layiq olan ölkədir. Bu reallıq son illər ərzində ölkəmizin
qazandığı siyasi, diplomatik və iqtisadi uğurların məntiqi
nəticəsidir. Azərbaycan artıq yalnız regionun aparıcı
dövlətlərindən biri deyil, beynəlxalq münasibətlər sistemində öz
mövqeyi, sözü və təşəbbüsləri olan nüfuzlu ölkədir. Bu nüfuzun
əsasını güclü dövlətçilik modeli təşkil edir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət
Azərbaycanın milli maraqlarını bütün digər amillərdən üstün tutur.
Güclü iqtisadiyyat, siyasi sabitlik, geniş beynəlxalq əməkdaşlıq,
enerji və nəqliyyat layihələri, fəal diplomatiya və güclü ordu
Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən başlıca
amillərdir”.
Onun sözlərinə görə, Vətən müharibəsində Ermənistanın
kapitulyasiyaya məcbur edilməsi, işğal altında olan torpaqlarımızın
azad olunması və 2023-cü ildə həyata keçirilən lokal antiterror
tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi
Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi:
“Lakin tarixi Zəfərimiz heç zaman arxayınlıq yaratmamalıdır.
Prezident İlham Əliyevin çıxışında hərbi gücümüzün artırılmasını
əsas vəzifələrdən biri kimi müəyyənləşdirməsi də məhz bu
dövlətçilik yanaşmasından irəli gəlir. Azərbaycanın hərbi qüdrəti
yalnız müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq,
sülhü və təhlükəsizliyi təmin etmək üçün lazımdır. Güclü ordu
dövlət müstəqilliyinin ən etibarlı təminatlarından biridir.
Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi yüksək
peşəkarlıq, qəhrəmanlıq və döyüş qabiliyyəti bunun əyani sübutudur.
Bu gün həmin potensial daha da inkişaf etdirilir, ordumuzun
maddi-texniki bazası yenilənir, müdafiə sənayesinin imkanları
genişləndirilir. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə
və müharibə yoxdur. Sərhədlərdə sakitlik hökm sürür. Sülh
müqaviləsi paraflanıb, tərəflər arasında təmaslar qurulub, iqtisadi
münasibətlərin yeni mərhələsi başlayıb. Azərbaycan regionda davamlı
sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu öz siyasəti
ilə nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın tarixi təcrübəsi
unutdurulmamalıdır. Xalqımız Ermənistanın təcavüzkar siyasətinin
ağır nəticələri ilə üzləşib. İşğal illərində yüz minlərlə
soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhərlərimiz və
kəndlərimiz dağıdılıb, tarixi və mədəni irsimizə qarşı misli
görünməmiş vandalizm törədilib. Prezident İlham Əliyevin çıxışında
bu tarixi yaddaşın qorunmasına xüsusi əhəmiyyət verməsi təsadüfi
deyil. Dövlətimizin başçısının “biz bunu heç vaxt unutmamalıyıq,
ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü
olmalıyıq” fikri gələcək təhlükəsizliyimizin əsas prinsiplərindən
birini müəyyənləşdirir. Azərbaycan bu gün sülhə tərəfdardır, lakin
sülhü zəiflik kimi qəbul etmir. Əksinə, Azərbaycan güclü dövlət
olaraq sülh və əməkdaşlıq təşəbbüsləri irəli sürür. Gücümüz
artdıqca sülh imkanlarımız da genişlənir. Dövlətimizin müdafiə
qüdrəti Azərbaycanın mövqeyini də gücləndirən mühüm amildir”.
Parlamentari qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında
Azərbaycanın daxili sabitliyi və xalqımızın təhlükəsizliyi ilə
bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır:
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq və sabitlik
şəraitində yaşayır. Ölkəmizin inkişafının, iqtisadi tərəqqisinin,
sosial layihələrin həyata keçirilməsinin və Qarabağla Şərqi
Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin əsas
şərtlərindən biri məhz sabitlikdir. Azərbaycan öz həyat tərzini,
milli-mənəvi dəyərlərini və inkişaf yolunu özü müəyyənləşdirir.
Ölkəmiz heç bir dövlətin daxili işinə qarışmır və eyni münasibəti
özü üçün də tələb edir. Azərbaycanın daxili məsələlərinə müdaxilə
cəhdləri qəbuledilməzdir. Prezident İlham Əliyevin bu məsələdə
prinsipial mövqeyi dövlətimizin müstəqil siyasətinin mahiyyətini
aydın şəkildə ifadə edir. Azərbaycan xalqı bu gün öz dövlətinin
gücü ilə fəxr edir. Bu fəxr hissi yalnız qazanılmış hərbi Zəfərlə
məhdudlaşmır. Bu, həm də Azərbaycanın son illərdə keçdiyi böyük
inkişaf yolunun nəticəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə
həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası
Azərbaycanın Zəfərdən sonrakı quruculuq iradəsini nümayiş etdirir.
Bu gün Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün
Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar işğal və
dağıntı ilə xatırlanan torpaqlarımız bu gün quruculuq və inkişaf
məkanıdır. Bu mənzərə Azərbaycan dövlətinin gücünün, Prezident
İlham Əliyevin qətiyyətinin və xalqımızın tarixi iradəsinin canlı
təcəssümüdür.Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, hər bir
Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Çünki Azərbaycan bu
gün öz taleyinin sahibidir, öz yolunu özü müəyyənləşdirir və
gələcəyini özü qurur”.
S.Salmanova hesab edir ki, qarşıdakı mərhələdə əsas vəzifəmiz
əldə etdiyimiz Zəfəri qorumaq, dövlətimizin gücünü daha da
artırmaq, ordumuzu daim qüdrətli saxlamaq, sülhü möhkəmləndirmək və
ölkəmizin davamlı inkişafını təmin etməkdir:
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII
Qurultayında səsləndirdiyi fikirlər bu baxımdan Azərbaycanın
gələcək inkişaf kursunun mühüm siyasi istiqamətlərini
müəyyənləşdirir. Güclü dövlət, qüdrətli ordu, sabit cəmiyyət, milli
birlik və müstəqil siyasət Azərbaycanın təhlükəsiz gələcəyinin əsas
dayaqlarıdır. Azərbaycan artıq öz gücünü tarix qarşısında sübut
edib. İndi isə bu gücü daha da artırmaq, Zəfərimizi əbədi və dönməz
etmək, gələcək nəsillərə daha qüdrətli Azərbaycan dövlətini miras
qoymaq zamanıdır. Çünki sülhün ən etibarlı təminatı gücdür.
Dövlətimiz nə qədər güclü olarsa, xalqımız da bir o qədər
təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayacaq”.


