Azərbaycanın azad iqtisadi zonalarında İtaliya şirkətlərinin istehsal müəssisələrinin yerləşdirilməsi planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad iqtisadi zonalarında İtaliya
şirkətlərinin istehsal müəssisələrinin yerləşdirilməsi ilə bağlı
konkret planlar hazırlanır.

Trend-in müxbiri xəbər verir ki, bu barədə cümə günü
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
“Fondo Strategico Italiano”nun (FSI) təsisçisi və baş icraçı
direktoru Mauritsio Tamanini deyib.

Onun sözlərinə görə, FSI Azərbaycan İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Azərbaycan Dövlət
Neft Fondu (ARDNF) ilə birgə İtaliya, Azərbaycan və Mərkəzi Asiya
arasında əməkdaşlığın genişləndirilməsi üzərində işləyir.

Tamanini qeyd edib ki, fevral ayında İtaliyadan
Azərbaycana böyük nümayəndə heyəti səfər edib və nümayəndə heyətinə
ümumi bazar kapitallaşması 100 milyard dollardan çox olan
şirkətlərin nümayəndələri daxil olub. Onun sözlərinə görə, bu
şirkətlər təxminən 300 min nəfərin məşğulluğunu təmin edir.

“Əgər biz həqiqətən kontinental Avropa, İtaliya ilə
Azərbaycan və Mərkəzi Asiya kimi iki regionu birləşdirə bilsək və
iri şirkətlərin ardınca, hansı ki, artıq burada fəaliyyət
göstərirlər, İtaliyanın texnologiya şirkətləri də bura gəlsələr,
bu, tərəfdaşlığın müasir üsuluna çevriləcək”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq Eni, Leonardo
və Tecnimont kimi İtaliya şirkətləri fəaliyyət göstərir.




Tamanini həmçinin İtaliya ilə Azərbaycan arasında
işgüzar əlaqələrin inkişaf etdiyini bildirib:

“Milandan və Romadan Bakıya gedən işçi qrupları var
və əks istiqamətdə də səfərlər həyata keçirilir. İki ölkənin
əhalisi arasında çox fəal mübadilələr mövcuddur. Həmçinin tələbə
mübadiləsinə və gələcək rəhbərlərin hazırlanmasına yönəlmiş
proqramlar, o cümlədən iki regionda təhsil almaq üçün təqaüdlər
vasitəsilə həyata keçirilir. Tərəflər Azərbaycanın azad iqtisadi
zonalarında İtaliya şirkətlərinin istehsal müəssisələrinin
yerləşdirilməsi ilə bağlı konkret planlar hazırlamağa
başlayırlar”.

O, nümunə kimi qan plazmasının komponentləri əsasında
preparatlar üzrə ixtisaslaşan “Kedrion” əczaçılıq şirkətini
göstərib. “Əgər biz burada bütün regional tsikli – tədqiqatlardan
istehsala qədər – yerləşdirə bilsək, beləliklə, məhsullar artıq
xaricdən gətirilməsə və burada yalnız kommersiya ofisləri qalmasa,
düşünürəm ki, bu, daha sonra digər şirkətlərlə də təkrarlana
biləcək əla nümunəyə çevriləcək”, – deyə o bildirib.

FSI-nin ARDNF ilə əməkdaşlığından danışan Tamanini
fondun təşkilatın uzunmüddətli tərəfdaşı olduğunu qeyd edib.

Onun sözlərinə görə, ənənəvi olaraq bu cür əməkdaşlıq
çərçivəsində İtaliya Azərbaycana İtaliya iqtisadiyyatına
investisiya yatırmağı da təklif edib, lakin hazırda tərəflər daha
geniş tərəfdaşlıq formatına keçməyə çalışırlar.