Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər
Halqasında fərqli idman tədbiri – BCC F1 Weekend Run qaçışı
keçirilib. Təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik
tam dövrəsini qət edib.

Trend-in
yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, tədbirdə
gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Qaçış saat 22:00-da başlayıb. İştirakçılar Formula 1
bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət
ediblər.




BCC F1 Weekend Run sağlam həyat tərzinin təşviqi, komanda
ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik
ab-havasının yaradılması məqsədilə təşkil olunub. Bu dəfə əsas
məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana
olan sevgi olub.

Qaçış Qran-Pri həftəsinin tədbirlərindən birinə çevrilərək
iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı
yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa
çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabr
tarixlərində Bakıda keçiriləcək. Azərbaycan 2016-cı ildən dünyanın
ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil
olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin
yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə
müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük
Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika),
Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya),
M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək
pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi
koronovirus pandemiyası səbəbindən keçirilməyib.