Pentaqon lazer silahların hazırlanmasına yarım milyard dollar ayıracaq

Baş səhifə

Bakı.Trend:

Pentaqon pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv
edilməsi üçün hərbi lazer komplekslərinin istehsalına 500 milyon
dollar ayıracaq.

Bu barədə “New York Post” (NY Post) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ hərbçiləri artıq Yaxın Şərqdəki
münaqişə çərçivəsində hava hədəflərinin qarşısını almaq üçün Hörmüz
boğazında lazer silahlarından istifadə edir, həmçinin
narkokartellərinə qarşı mübarizə məqsədilə ölkənin cənub sərhədində
bu silahları sınaqdan keçirirlər.




Materialda qeyd olunur ki, lazerlərdən istifadə ənənəvi zenit
raketlərindən əhəmiyyətli dərəcədə ucuz başa gəlir və sursat
ehtiyatlarının sərfiyyatından asılılığı azaltmağa imkan verir.

“NY Post” bildirir ki, 60 kVt gücündə HELIOS sistemi də daxil
olmaqla müasir komplekslər böyük ölçüləri və yüksək enerji tələbatı
səbəbindən əsasən döyüş gəmilərində quraşdırılır. Qeyd olunur ki,
bəzi qurğuların idarə edilməsi “Xbox” oyun konsolları üçün
modifikasiya edilmiş kontrollerlər vasitəsilə həyata keçirilir.