İtaliya məktəblərində burqa və niqab qadağan edilir, əcnəbi şagirdlərin sayına məhdudiyyət qoyulur

Baş səhifə

Bakı. Trend:

İtaliya hökuməti cümə axşamı məktəblərdə burqa və niqabın
istifadəsini qadağan edən qanun qüvvəli dekret qəbul edib. Sənədlə
yanaşı, italyan dilini zəif bilən şagirdlərin bir sinifdə sayına da
məhdudiyyət qoyulur.

Bu barədə Baş nazir Corca Meloni sosial şəbəkələrdə
bildirib.

O, yeni qaydaların “sinifdə italyan dilini lazımi səviyyədə
bilməyən şagirdlərin sayına 30 faizlik limit, italyan dilinin
öyrənilməsi üçün əlavə imkanlar, habelə məktəblərdə burqa və
niqabın qadağan edilməsini” nəzərdə tutduğunu qeyd edib.

Əgər uşaq məktəbdə inteqrasiya ilə bağlı ciddi çətinliklərlə
üzləşərsə, sosial xidmətlər bu məsələyə cəlb ediləcək və
valideynlər pulsuz italyan dili kurslarında iştirak etməyə məcbur
olacaqlar. Bu öhdəliyə əməl edilməməsi 1000 avroyadək cərimə ilə
nəticələnəcək.




“Save the Children” qeyri-hökumət təşkilatı uşaqların yalnız
vətəndaşlığına və ya italyan dilini məhdud bilməsinə görə
məktəblərini dəyişməyə və ya sinif yoldaşlarından fərqli təhsil
müəssisələrində oxumağa məcbur edilməsinin “birinci və ikinci
dərəcəli şagirdlər” yaradacağından ehtiyat edir.

Lakin təhsil naziri Cüzeppe Valditaraya görə, “dilin kifayət
qədər mənimsənilməməsi təhsil prosesinə mane olur”. O,
jurnalistlərə açıqlamasında “valideynlərin övladlarının təhsil
prosesində iştirakının onların məktəbdə uğur qazanması üçün
fundamental əhəmiyyət daşıdığını” bildirib.

Onun sözlərinə görə, İtaliyada şagirdlərin 30 faizindən çoxunun
əcnəbi olduğu 34 min sinif var. Lakin yeni qanun bunların
əksəriyyətinə şamil olunmayacaq. Qanun İtaliyaya yeni gələn
uşaqları, İtaliyada doğulan və ya, məsələn, məktəbəqədər təhsil
müəssisəsində təhsil alan şagirdlərdən daha çox hədəfə alır.

Meloni hökumətin iclasından sonra televiziya müsahibəsində
burqanın qadağan edilməsini “təhlükəsizlik məsələsi” kimi
əsaslandırıb.