Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi
Festivalının təntənəli açılışı keçirilib. Tədbir çərçivəsində I
Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti
keçirilib.

Tədbir Azərbaycanda ənənəvi olaraq qeyd olunan Milli Musiqi
Günündə keçirilib. Konsertdən əvvəl qonaqlar I Türkoloji Qurultayın
100 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Konsert proqramında Türk dünyası bəstəkarlarının əsərləri
Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənib.
Solistlər Macarıstanlı skripkaçı Şandor Laslo, fleyta ifaçısı Nicat
Salmanov və qoboy ifaçısı Əlim Sadıqov olublar.

Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Şandor Laslonun, Rövşən
Nepesovun, Aktoty Raimkulovanın, Özge Gülbeyin, Muratbek Beqalyevin
və Rüstəm Abdullayevin əsərləri tamaşaçılar, I Türk Dünyası
Bəstəkarları Qurultayının iştirakçıları və müxtəlif ölkələrdən
gələn qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

ICTM yanında Türk Dünyasının musiqi və rəqsinin öyrənilməsi üzrə
işçi qrupunun sədri, İstanbul Universiteti Dövlət
Konservatoriyasının musiqişünaslıq kafedrasının professoru Abdullah
Akat Azərbaycan xalqını Milli Musiqi Günü münasibətilə təbrik
edib.

“Üzeyir Hacıbəyli bizim mədəniyyətimizin ulduzudur. Məhz Üzeyir
Hacıbəyliyə və ondan sonra gələn böyük bəstəkarlara borcluyuq ki,
musiqimiz yalnız Türk dünyasında deyil, bütün dünyada səslənir və
əks-səda doğurur.

Buna görə də onun şərəfinə təşkil olunan festivalda Bakıda
olmaq, onu burada yad etmək və eyni zamanda bu günlərdə həyata
keçirilən çox mühüm işin bir hissəsi olmaq bizim üçün böyük
şərəfdir. Biz çox ruh yüksəkliyi içindəyik, çünki yaxın günlərdə
Türk Dünyası Bəstəkarlar İttifaqının yaradıldığını elan edəcəyik.
Biz Üzeyir Hacıbəylinin adına layiq olan, onun irsini qoruyub
saxlaya və davam etdirə biləcək tədbirlər keçirmək və layihələr
həyata keçirmək istəyirik”, – deyə o qeyd edib.

Macarıstanlı bəstəkar və skripkaçı Şandor Laslo Qurultayın və
klassik musiqi festivalının keçirilməsini yüksək qiymətləndirib. O,
konsertdə özünün “Transilvaniya rəqsi” əsərində solo partiyanı ifa
edib.




“Macarıstanda həmkarlarım, əsasən instrumentalist musiqiçilər
var. Onlar azərbaycanlı musiqiçilərlə yaxşı münasibətlər
saxlayırlar və mənə bura gəlməyi tövsiyə etdilər. Maraqlıdır ki,
biz macarlar da “qurultay” sözünü bilirik, çünki Macarıstanda da öz
qurultayımız var. Lakin bu, bəstəkarların və musiqişünasların
görüşü deyil, atlıların və atlı oxatanların toplantısıdır. Mən də
at üstündə oxatma ilə məşğulam. Buna görə də bu sözü ilk dəfə məhz
atlı kimi, bəstəkar kimi deyil, eşitmişəm. Bu festivala
hazırlaşarkən Üzeyir Hacıbəylinin bəzi əsərlərini dinlədim. Və onun
Azərbaycan mədəniyyətindəki rolu ilə, ola bilsin ki, bəstəkarımız
Laslo Laytanın Macarıstan mədəniyyətindəki rolu və ya, məsələn,
Eneskunun Rumıniya mədəniyyətindəki rolu arasında müəyyən oxşarlıq
olduğunu gördüm”, – deyə o qeyd edib.

Qeyd edək ki, I Türk Dünyası Bəstəkarları Qurultayı sentyabrın
18-dən 20-dək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı
çərçivəsində keçirilir. Qurultayı Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu Bakıdakı
ICESCO Regional Ofisinin, Azərbaycan Bəstəkarlar İttifaqının və
Azərbaycan Milli Konservatoriyasının iştirakı ilə birgə təşkil
edir.

Qurultay I Türkoloji Qurultayın 100 illiyinə, Nizami Gəncəvinin
885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub. Tədbirdə
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan,
Macarıstan və Türkmənistanın musiqi ictimaiyyətinin tanınmış
nümayəndələri iştirak edirlər.

Zəngin proqram görüşləri, elmi müzakirələri və musiqi
tədbirlərini əhatə edir. Üç gün ərzində iclaslar, beynəlxalq
dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və
ənənəvi musiqi konsertləri keçirilir.

Qurultayın əsas nəticələrindən biri Türk Dünyası Bəstəkarlar
İttifaqının – Turkic Union of Composers (TUC) yaradılması olacaq.
İttifaq Türk dünyasının bəstəkarlarını, musiqişünaslarını,
ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini
birləşdirəcək.

Sentyabrın 19-da Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında
Türk Dünyası Bəstəkarlar İttifaqının ilk rəsmi iclası keçiriləcək.
İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin
imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın
nizamnamə layihəsinin müzakirəsi planlaşdırılır.

İttifaqın yaradılması Türk dünyası ölkələrinin musiqi
təşkilatları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə
xidmət edəcək. Ümumi musiqi irsinin qorunması və inkişaf
etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi,
yaradıcılıq mübadiləsinin təşviqi və Türk dünyası musiqisinin
beynəlxalq arenada təbliği xüsusi diqqət mərkəzində olacaq.