Hərbi müdaxilə və sanksiyalar uzunmüddətli sabitliyi təmin etmir – Əraqçi

Baş səhifə

Bakı. Trend:

Hərbi müdaxilə və sanksiyalar uzunmüddətli sabitliyi,
təhlükəsizliyi təmin etmir.

Bunu İndoneziyada keçirilən Dünya Dialoq Forumuna video formatda
qatılan İran xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.

“İran hərbi gərginliyin azaldılmasını və regional əməkdaşlığın
gücləndirilməsini önəmli hesab edir”, – deyə o qeyd edib.

İranlı nazir ABŞ və İsrailin regiondakı hərəkətlərini tənqid
edib və beynəlxalq ictimaiyyətin hüququn ardıcıl tətbiqini təmin
etməli olduğunu qeyd edib.




“Ölkələr diqqəti hərbi qarşıdurmadan inkişaf, dialoq və dövlət
suverenliyinə hörmətə yönəldə bilərlər. Yaxın Şərqdə dayanıqlı
təhlükəsizliyi kənardan diktə etmək olmaz. Region ölkələrinin
təhlükəsizliyi özlərinə aid olmalıdır. Region ölkələri
təhlükəsizlik, sabitlik, inkişaf və birgə gələcək haqqında
danışıqlar apara və xarici qüvvələrin müdaxiləsi olmadan həll
yolları tapa bilərlər”, – deyə o qeyd edib.

Əraqçi deyib ki, İran dayanıqlı təhlükəsizliyin region ölkələri
arasında dialoq, etimadın yaradılması, əməkdaşlıq və qarşılıqlı
hörmət əsasında əldə oluna biləcəyi qənaətindədir.

“Dünyanın hazırda ehtiyacı olan məsələ yeni paradiqmadır. Bu
paradiqmada inkişaf təhlükəsizliyin bir hissəsi hesab edilməli,
ölkələrin suverenliyinə hörmətlə yanaşılmalı, ayrı-seçkilik olmadan
beynəlxalq hüquq hamı üçün bərabər şəkildə tətbiq edilməli, heç bir
siyasi mənfəət, strategiya və ya geopolitika insanların həyatından
daha önəmli olmamalıdır”, – deyə o bildirib.