
Bakı. Trend:
Sen-Pyer və Mikelon Fransaya məxsus ərazidir, “bu, göz
qabağındadır”. Bunu şənbə günü iki günlük səfər üçün Sen-Pyer və
Mikelona gələn Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti
Donald Trampın dərc etdiyi və mübahisələrə səbəb olan xəritə ilə
bağlı sualı cavablandırarkən deyib.
“Bəzi insanlar qəribə fikirlər səsləndirir və ya qəribə şeylər
deyirlər deyə bunu hər səhər təkrar etməyəcəyik”, – deyə Fransa
Prezidenti əlavə edib.
ABŞ Prezidenti ayın əvvəlində Şimali Amerikanın, o cümlədən
Fransaya məxsus kiçik arxipelaqın ABŞ bayrağı ilə əhatə olunduğu
xəritəni dərc etməklə mübahisələrə səbəb olmuşdu.
Fransa Prezidenti bazar günü Kanadanın Baş naziri Mark Karnini
Sen-Pyerdə qəbul edəcək. Bu, yerli tarixdə ilk belə görüş olacaq.
Sen-Pyer Kanada sahillərindən bir neçə kilometr, Arktika ətrafında
yeni strateji maraq mərkəzinə çevrilən Qrenlandiyadan isə bir neçə
günlük dəniz məsafəsində yerləşir.
“Bu, güclü mesajdır”, – deyə Makron ABŞ Prezidentinin sərt
ritorikasına işarə edərək vurğulayıb. Tramp dünyanın bu hissəsini
öz təsir dairəsi hesab edir və mütəmadi olaraq Kanada ərazisini
ilhaq etməklə hədələyir. ABŞ hazırda Kanada ilə sərt ticarət
qarşıdurması aparır.
Donald Tramp cümə günü Qrenlandiya ilə bağlı planlarını, ən azı
müvəqqəti olaraq, dayandırmış kimi görünərək bu muxtar ərazi ilə
bağlı Danimarka ilə “təhlükəsizlik” sazişi imzalayıb.
“Danimarkanın suverenliyinə hörmət edilir, beynəlxalq hüquqa
hörmət edilir (…) gərginliyin azalmasına xidmət edən hər şey
yaxşı haldır”, – deyə Emmanuel Makron bildirib. O, Trampın mümkün
“geri addımı” barədə şərh verməkdən imtina edib.
Yaxın Şərqdə müharibənin yaratdığı qiymət artımı fonunda
alternativ neft tədarükü mənbələri axtaran Makron böyük neft
istehsalçısı olan Kanadadan da alternativ həllər gözləyir. O,
xüsusilə “daha çox Kanada mayeləşdirilmiş qazının Atlantik
sahillərinə”, yəni Avropaya yönəldilməsini istəyib və ümumilikdə
Kanada ilə yeni “əməkdaşlıq perspektivləri” üzərində dayanıb.
Mark Karni isə öz növbəsində cümə axşamı Strasburqda olub və
burada Kanada ilə Avropa İttifaqı arasında mühüm yaxınlaşmaya dair
razılaşma əldə edib. Bu isə ABŞ prezidentinin yeni qəzəbinə səbəb
olub. Tramp cavab olaraq sanksiyalar tətbiq edəcəyini vəd edib.
Fransa Prezidenti eyni zamanda 5 800 sakini olan bu kiçik
arxipelaqın gözləntilərinə cavab verməyə çalışacaq. Balıqçılığın,
xüsusilə treska ovunun qızıl dövrünün başa çatmasından sonra bölgə
yüksək yaşayış xərcləri, əhalinin azalması və iqlim təhlükəsi ilə
üzləşib.
Gözləntilərə görə, bir sıra həssas məsələlərlə bağlı açıqlamalar
veriləcək. Bunların arasında su səviyyəsinin qalxması təhlükəsi ilə
üzləşən Mikelon kəndinin köçürülməsi və bəzi körpülərinin çökmə
təhlükəsi olduğu Sen-Pyer limanının bərpası da var.
Arxipelaq miqyasında nəhəng layihə hesab olunan Mikelonun
köçürülməsi işləri ikinci mərhələyə qədəm qoymağa hazırlaşır. Yerli
seçkili nümayəndələrin sözlərinə görə, bu mərhələ üçün 25 milyon
avro tələb olunur.
Hazırda su səviyyəsinin qalxmasından qorunmaq üçün təxminən 1,5
kilometr məsafədə, daha yüksəklikdə yerləşən yeni ərazidə təxminən
12 ev tikilib. Lakin layihənin uzun müddət davam edəcəyi gözlənilir
və o, yerli əhali arasında birmənalı qarşılanmır.

