Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Türk dünyasının birliyini və geostrateji güc mərkəzi
kimi formalaşmasını xarici siyasətinin əsas prioritetlərindən biri
hesab edir. TDT çərçivəsində üzv dövlətlərlə – Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və müşahidəçi üzvlərlə ikitərəfli
müttəfiqlik münasibətlərini dərinləşdirir. Türk dünyasını böyük
ailə kimi dəyərləndirən Prezident İlham Əliyev hər zaman Türk
Dövlətləri Təşkilatının gələcəyinə böyük inamını ifadə edir.
2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə olaraq
bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı
qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində ayrı-ayrı
sahələrdə Azərbaycanın uğurları fonunda qarşıda dayanan hədəfləri
açıqlayarkən bir daha bu çağırışı etdi ki, biz beynəlxalq
təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk
növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam
etdirəcəyik. Bu bizim üçün prioritetdir. Bu bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa
ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri
Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var
və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.
Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük
iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc
əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.
Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək
səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada
önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə
nail ola bilərik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya
açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, son günlər Türk Dövlətləri
Təşkilatı çərçivəsində keçirilən tədbirlər də Azərbaycanla bu
təşkilat arasında münasibətlərin aydın mənzərəsini təqdim edir.
Prezident İlham Əliyevin sentyabrın 15-də TDT-nin Müsəlman Dini
İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının, sentyabrın 17-də isə
TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci
Toplantısının iştirakçılarını qəbul etməsi özündə mühüm məqamları
ehtiva edir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci
Toplantısının iştirakçılarına müraciətində qeyd edildiyi kimi,
qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr
möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən
Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng
siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş
ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz
nümunəsidir. Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm
qoyub. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik
şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və
dövlətlərimizin böyük nailiyyətidir. O da vurğulanır ki, bizim
sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan
Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və
potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən
birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev TDT-yə üzv
ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının
iştirakçılarını qəbul edərkən bir daha bu reallıqlardan geniş bəhs
edərək təşkilatın gələcəyinə xidmət edən çağırışlarını diqqətə
çatdırdı. Bildirdi ki, Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi
mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu
və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin
potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz
çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə
ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol
oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT
regionunun qərbində və şərqində də təşkilatımızın və onun
beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat
təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə
bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla
izləyirlər. Bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları
olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.

Millət vəkili təşkilata üzv ölkələrin böyük təbii ehtiyatlara
malik olduğunu önə çəkərək bu resursların dövlətlərimizin
möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət
etdiyini, həmçinin bütün dünya üçün mühüm rol oynadığını
vurğulayıb. Azərbaycanın timsalında qeyd edə bilərik ki, ölkəmiz
zəngin təbii resurslara malikdir. Onlardan səmərəli istifadənin
təmin edilməsi üçün həyata keçirilən enerji layihələri həm
iştirakçı, həm də digər ölkələrin enerji təhlükəsizliyinin təmin
edilməsinə davamlı töhfələr verir. Azərbaycan regional inkişafın
aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi
mövqeyini günbəgün möhkəmləndirir. Bu gün etibarlı və arzuolunan
tərəfdaş kimi nüfuz qazanması da bütün məqamlara aydınlıq gətirir.
Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz
edən ölkədir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə
enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata
keçirir. Avropa ilə Asiyanın qovşağında yerləşən, həm TDT-yə üzv
Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə dostluq, qardaşlıq,
müttəfiqlik münasibətlərini real addımlarında təsdiqləyən
Azərbaycanın coğrafi mövqeyi ölkələrlə nəqliyyat və enerji
layihələri əsasında əlaqələrini daha da möhkəmləndirir. Azərbaycan
dünyaya təkmil əməkdaşlıq modelini təqdim edir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin sözügedən
qəbulda diqqət göstərdiyi məqamlardan biri təbii ki, TDT-nin ümumi
etnik köklərə malik ölkələri birləşdirməsidir. Prezident vurğuladı
ki, dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq
təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə
mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir.
Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin
ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də
qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır.
Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin
oxşarlığı, ümumi etnik köklər, bütün bunlar təşkilatımızı
möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı öz
növbəsində Türk Dövlətləri Təşkilatında sıx birliyi, həmrəyliyi
şərtləndirir. Yenə də ölkəmizin timsalında bu məqamı qeyd etmək
istərdik ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli
əlaqlərin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin təşkilata üzv ölkələrə çoxsaylı səfərləri,
həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri
bunun bariz göstəricisidir. Azərbaycan Türkiyə, Qazaxıstan,
Qırğızıstan və Özbəkistan ilə müttəfiqlik haqqında müqavilələr və
bəyannamələr imzalayıb. Bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən
yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları
yaradılıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər
olunması prosesi fəal şəkildə davam edir. Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası
ölkələrinə yönəlib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çıxışında Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin üstünlükləri sırasında bu
məqamı xüsusi vurğuladı ki, xaotik dünyada ölkələrimizin
ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü
siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir.
Sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün
deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi
sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə
texnologiyalar, nə də innovasiyalar gələcək. Ölkələrimiz inamlı
iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər
iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın
reallıqlarıdır. Lakin TDT məkanında müsbət dinamikanı – həm sənaye
istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit
maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və
ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük
nailiyyətidir.

Millət vəkili bildirib ki, Azərbaycanın regional təhlükəsizliyin
təmin edilməsinə töhfələri daim diqqətdədir. Prezident İlham
Əliyevin çıxışında da bu məsələ xüsusi vurğulandı. Bildirildi ki,
bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların
fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ
məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı
mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının
alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi
hamımız üçün həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu
çağırışı etdi ki, ölkələrinizin təhlükəsizlik şuralarının
rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər
böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də
təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin
harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz
edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu
müəyyənləşdirmək faydalı olacaq.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, Türk
dünyasının birliyi, həmrəyliyi bütün dövrlərdə öz aktuallığını
qoruyur. Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza
malik təşkilatdır. Təşkilat çərçivəsində müxtəlif formatlarda
müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq
təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə
humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, təxminən iyirmiillik fəaliyyətindən,
təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi
Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin
həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı,
həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin
müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından
maksimum istifadə edir. Hamımız bunda maraqlıyıq.