Azərbaycanda müəssisələr üzrə 80 prioritet rəqəmsal transformasiya həlli müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında rəqəmsal
iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”
çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına
Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə
görüş keçirilib.

Nazirliyin məlumatına görə, görüş proqram üzrə görülmüş işlərin
nəticələrinin təqdim olunması, müəssisələrdə texnoloji
transformasiya yol xəritələrinin icra vəziyyətinin
qiymətləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq
imkanlarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev
bildirib ki, texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf
gündəliyinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, ölkənin
rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət
səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların
tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini
artırmağı hədəfləyir. Qeyd olunub ki, dövlət tərəfindən
formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun
rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin
qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi
daşıyır.

Həmçinin, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Rəqəmsal
İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ölkədə
müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən
işlər barədə məlumat verib.




Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida
sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye
istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və
biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda müəssisələrin
texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq
metodologiyalar əsasında ölçülüb.

Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial
rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq
praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80
prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə
əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji
transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən
fərdi yol xəritələri formalaşdırılıb.

Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın
nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar
keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə
prioritetləri, məlumat əsaslı idarəetmə yanaşmaları, süni intellekt
və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya
İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında
texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri
barədə məlumat verilib.

Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin
rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə
olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və
təkliflərini bölüşüblər.