
Bakı.Trend:
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi
ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yerində
yeni körpünün inşasına start verilib.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılıb
və yeni, bir aşırımlı körpünün dayaqlarının inşası istiqamətində
müvafiq işlər həyata keçirilir.
Qeyd olunub ki, yeni körpünün tikintisi mövcud nəqliyyat
infrastrukturunun təhlükəsizliyinin və dayanıqlığının təmin
edilməsi məqsədilə aparılır.
“Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş üç aşırımlı
körpünün Bakı istiqamətində yerləşən üçüncü aşırımında aşırım
tirinin sınaraq çökməsi hadisəsi baş verib. Aparılan ilkin texniki
qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız
vəziyyətdə olduğu müəyyən edilib.
Hazırda körpünün yenidən qurulması istiqamətində işlər davam
etdirilir. Layihənin tamamlanmasından sonra həmin hissədə
nəqliyyatın hərəkətinin daha təhlükəsiz və fasiləsiz təşkili təmin
olunacaq”,-deyə məlumatda bildirilib.

