
Bakı. Trend:
Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə 17-ci
Beynəlxalq Olimpiada Turniri təşkil edilib.
Yarışda iştirak edən şagirdlərimiz yüksək nəticə göstərərək biri
qızıl olmaqla ümumilikdə dörd medal qazanıblar. Belə ki, Bakı şəhər
157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev qızıl
medal qazanıb. Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli
tam orta məktəbin IX sinif şagirdi Vaqif Abdullayev və Bakı şəhər
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif
şagirdi Tuncay Paşayev gümüş medala, Bakı Türk Anadolu Liseyinin XI
sinif şagirdi Əhməd Qəmbərli isə bürünc medala layiq
görülüblər.
Qeyd edək ki, şagirdlərin alqoritmik düşüncə, problem həlletmə
və informatika bacarıqlarını inkişaf etdirmək və yoxlamaq məqsədi
daşıyan turnirdə 14 ölkədən ümumilikdə 440 iştirakçı hibrid
formatda yarışıb. Milli komandamız yarışa Azərbaycan Texniki
Universitetindən distant şəkildə qoşulublar.
2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin beynəlxalq
fənn olimpiadalarına hazırlıq prosesi Azercell Telekom-un Elm və
Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində
həyata keçirilir. Bu dövr ərzində ölkənin müxtəlif region və
paytaxt məktəblərini təmsil edən şagirdlər beynəlxalq
proqramlaşdırma müsabiqələrində ümumilikdə 118 medal əldə edərək
Azərbaycanın İT sahəsindəki potensialını uğurla nümayiş
etdiriblər.


