Son 10 ildə Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

2015-ci ilin əvvəlində Azərbaycanda 677 min sahibkarlıq subyekti
mövcud idisə, 2025-ci ilin sonuna 1 milyon 680 mini keçərək son 10
ildə təxminən 2,5 dəfə artıb.

Trend xəbər
verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün
Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda
keçirilən tədbirdə deyib.

O bildirib ki, Sahibkarlar Gününün təsis olunmasından ötən 10 il
ərzində ölkədə sahibkarlıq mühiti mahiyyət etibarilə yeni mərhələyə
keçib:

“Əgər 2015-ci ilin əvvəlində sahibkarlıq daha çox formalaşma və
institusional quruculuq mərhələsində idisə, 2025-ci ilin sonuna
gəldikdə biz artıq genişlənmiş, rəqəmsallaşmış və daha inklüziv bir
sahibkarlıq modelini müşahidə edirik.




Rəqəmlərin müqayisəsi göstərir ki, 2015-ci ilin əvvəlində
Azərbaycanda 677 min sahibkarlıq subyekti mövcud idisə, 2025-ci
ilin sonuna 1 milyon 680 mini keçərək son 10 ildə təxminən 2,5 dəfə
artıb.
Bu artımın strukturuna baxdıqda isə çox vacib tendensiyanı görə
bilirik, belə ki, hüquqi şəxslərin sayı 10 il ərzində 126% artıb.
Bir sözlə, Azərbaycanda sahibkarlıq say baxımından böyüyüb,
struktur baxımından sabitləşib, sosial baxımdan isə genişlənib.

Digər mühüm dəyişiklik isə rəqəmsallaşmadır. Əgər 2015-ci
illərdə sahibkarlıq daha çox ənənəvi üsullarla fəaliyyət
göstərirdisə, bu gün elektron qeydiyyat, onlayn xidmətlər və
rəqəmsal platformalar biznes mühitinin ayrılmaz hissəsinə çevrilib.
Bu isə sahibkar üçün həm vaxt, həm də resurs baxımından ciddi
üstünlüklər yaradır”.

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin
76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli
iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.