
Bakı. Trend:
Azərbaycan və Niderland Orta Dəhlizin inkişafı çərçivəsində
əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Trend xəbər verir
ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq
Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Yaxın illərdə diqqət yetirmək istədiyimiz digər istiqamətlərdən
biri nəqliyyat əlaqəliliyidir, xüsusilə də Orta Dəhlizin inkişafı
kontekstində. Azərbaycanın həm quruda, həm də dənizdə mühüm
nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini aydın şəkildə görürük.
Niderland da öz növbəsində dəniz və quru marşrutları sayəsində
Şimali Avropada strateji mövqe tutur. Hesab edirəm ki, bu sahədə
bir-birimizdən öyrənə biləcəyimiz çox şey var”, – deyə o
bildirib.
Diplomat qeyd edib ki, ölkələr arasında liman sahəsi və
logistika üzrə artıq fəal əməkdaşlıq qurulub və tərəflər bunu daha
da inkişaf etdirmək və möhkəmləndirmək niyyətindədir.
“Rotterdam limanı Avropanın ən böyük dəniz limanıdır, Bakı isə
tədricən mühüm regional, bəlkə də qlobal ticarət-logistika
mərkəzinə çevrilir. Buna görə də biz, Bakı limanının inkişafı daxil
olmaqla, daha geniş infrastruktur təşəbbüsləri çərçivəsində
əməkdaşlığın davam etdirilməsində, təcrübə mübadiləsində və birgə
layihələrin həyata keçirilməsində maraqlıyıq”, – deyə de Yonq
vurğulayıb.


