
Bakı. Trend:
İnnovasiya lideri “Bakcell” Ümumdünya Autizm Maarifləndirmə Ayı
çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis
edilən Kaşalata kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı görüş
təşkil edib.
Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi
olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu
istiqamətdə tətbiq olunan innovativ həlləri və real təcrübələri
müzakirə etmək olub. Görüşdə dövlət və özəl sektor nümayəndələri
daxil olmaqla, ümumilikdə 30-dan çox qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılmasına
yönəlmiş müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarının
genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modelləri ətrafında
fikir mübadiləsi aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin
təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən
müzakirədə millət vəkili Nigar Arpadarai, AZAL-ın İnsan Resursları
idarəsinin rəhbəri Ellada Alışova və “Bakcell”in İctimaiyyətlə
əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel
Süleymanova çıxış ediblər.
Tədbirdə iştirak edən uşaqlar virtual reallıq (VR) texnologiyası
ilə hazırlanmış oyunları sınaqdan keçirib, eyni zamanda öz rəsm
əsərlərini sərgiləyərək yaradıcılıqlarını nümayiş etdiriblər. Bu
yanaşma inklüziv mühitdə texnologiyanın və yaradıcılığın necə
birləşə biləcəyini praktiki şəkildə göstərib.
“Bakcell” inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası
çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər
imkanların yaradılmasını və inklüziv yanaşmaların
genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata
keçirir. Şirkət texnologiya və sosial təşəbbüsləri bir araya
gətirərək cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyə davam
edir.
“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan
şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir,
autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və
məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata
keçirir. Birliyin təşəbbüsü ilə yaradılmış Kaşalata kafe isə
neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən önəmli
sosial platformalardan biridir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı
innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


