Xarici dildə təhsil alanlar üçün Azərbaycan dili imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Həftəsonu xarici dildə təhsil alan şagirdlər üçün Azərbaycan
dili imtahanı keçiriləcək.

Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, mayın 3-də keçiriləcək
imtahan tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi
təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərini əhatə
edəcək.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə
qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum
bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya
sənədinə yazılacaq.




Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət
almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları
imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması
üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında
xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi
nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina
və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Qeyd edək ki, həmin gün ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə
verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət
dili) imtahanı keçiriləcək.