
Bakı.Trend:
Gömrük orqanlarının vəzifələri artırılacaq.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar
iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakılar da gömrük orqanlarının
vəzifəsi hesab ediləcək:
– gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük
ödənişlərini almaq;
– xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun
müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan
qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul etmək;
– milli valyutanın, milli valyutada qiymətli kağızların və
valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə
uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə
müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;
– dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar
üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və
sanitariya nəzarətini həyata keçirmək;
– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil
nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən
avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış
kartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazə
blankları”nın (jurnallarının), habelə ümumi istifadədə olan
avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat
vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış
məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu
yoxlamaq;
– müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların
idxalı ,ixracı və tranziti barədə məlumatların digər dövlətlərin
gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük
rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması,
beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində
iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına
şərait yaratmaq;
– digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq
məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş
hallarda onların fəaliyyətini əlaqələndirmək;
– səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın
nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın
nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt
tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü
ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə)
yazılı, o cümlədən elektron formada təqdim etmək.


