
Bakı. Trend:
Zərurət yarandığı təqdirdə əlavə neft ehtiyatlarının bazara
çıxarılmasına başlamağa hazırıq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin
rəhbəri Fatih Birol bildirib.
Fatih Birol bu bəyanatı Tokioda, Yaponiyanın Baş naziri Sanae
Takaiçini Yaxın Şərqdəki müharibə ilə bağlı vəziyyətin uzanacağı
təqdirdə agentliyə ehtiyatlardan əlavə həcmdə neftin bazara
çıxarılmasına hazırlaşmağı xahiş etməsindən sonra səsləndirib.
Sözügedən münaqişə o cümlədən, neft tədarüklərinin əsas
marşrutlarından sayılan Hörmuz boğazından neft daşınmalarındakı
fasilələr dünya üzrə enerji daşıyıcılarının qiymətlərində kəskin
artıma səbəb olub.
Bu ayın əvvəlində BEA bildirmişdi ki, təşkilata üzv ölkələr
Yaxın Şərqdəki müharibənin təsirini yumşaltmaq məqsədilə
ehtiyatlarından 400 milyon barel nefti bazara çıxaracaqlar. Bu,
təşkilatın tarixində ən böyük belə addım olacaq.
Birol qeyd edib ki, anbarlarda hələ də əhəmiyyətli həcmdə neft
qalır.
“Ehtiyatlarımızın 80 faizi hələ də bizim ixtiyarımızdadır. Bu
400 milyon barel ümumi ehtiyatların cəmi 20 faizini təşkil edib.
Zərurət yaranarsa, irəliləməyə hazırıq, lakin çox ümid edirəm ki,
buna ehtiyac olmayacaq”, – o bildirib.


