Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

Bu il Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev
sahibliyi edəcək.

Trend
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə
məlumat Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında elan
edilib.

Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar,
ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni
intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel
sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün
Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika
imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün
əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya
ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar
müzakirə olunub.




Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə
ABŞ-nin yüksək texonolji həlləri barədə məlumat verilib. Data
mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində
əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək
tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər
iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı
investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin
əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş
keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni
tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin
iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun
iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması,
texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi
sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.