
Bakı.Trend:
Dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir
göstərən El Nino hadisəsinin bu il iqlimə, kənd təsərrüfatına və
turizm sektoruna təsirləri ilə bağlı müzakirələr davam edir. Sakit
okeanın ekvatorial hissəsində dəniz səthinin normadan daha çox
isinməsi nəticəsində yaranan və adətən hər 2–7 ildən bir
təkrarlanan bu təbii iqlim hadisəsi qlobal hava axınlarında
dəyişikliklərə səbəb olur.
Turizm eksperti Əziz Şiriyev Trend-ə açıqlamasında bildirib ki, El Nino
hadisəsi yay aylarında temperaturun daha yüksək keçməsi, isti
günlərin sayının artması və bəzi hallarda yağıntı rejiminin
dəyişməsi ilə müşayiət oluna bilər.
Onun sözlərinə görə, qlobal istiləşmə fonunda insanlar daha çox
günəşli və isti hava şəraitində səyahət etməyə üstünlük verirlər.
Xüsusilə yay mövsümündə dənizkənarı istirahətə maraq artır və
turistlər daha çox çimərlik turizminə yönəlirlər.
Ekspert hesab edir ki, havaların daha isti keçməsi Azərbaycanda
çimərlik turizminin inkişafına müsbət təsir göstərə bilər:
“Son illərdə Azərbaycanda çimərlik turizmi dinamik inkişaf edir.
Xəzər sahilində fəaliyyət göstərən hotellər, istirahət mərkəzləri
və turizm obyektləri hər il daha çox turist qəbul edir. Əgər yay
mövsümü sabit, günəşli və yağıntısız keçərsə, bu, çimərliklərə
gələn turistlərin sayının artmasına səbəb ola bilər”.
Ə.Şiriyev qeyd edib ki, turistlər adətən yağışlı və qeyri-sabit
hava şəraitində səyahət etməyə daha az maraq göstərirlər. Bu
baxımdan əlverişli hava şəraiti turizm axınının artmasına müsbət
təsir edə bilər.
Bununla yanaşı, ekspert həddindən artıq istilərin müəyyən
risklər də yaratdığını vurğulayıb. Onun fikrincə, temperaturun
normadan xeyli yüksək olması açıq havada keçirilən tədbirlərin,
ekskursiyaların və aktiv turizm növlərinin populyarlığını azalda
bilər. Belə hallarda turistlər daha çox hotellərdə, kurortlarda və
çimərlik ərazilərində vaxt keçirməyə üstünlük verirlər:
“Turizmdə ən vacib amillərdən biri təhlükəsizlik və rahatlıqdır.
İstirahət mərkəzlərində havalandırma sistemləri, kondisionerlər,
kölgələndirmə infrastrukturu, içməli su təminatı və tibbi xidmət
imkanları daim nəzarətdə saxlanılmalıdır. Turizm obyektlərinin
texniki vəziyyətinin mütəmadi yoxlanılması yay mövsümündə xüsusi
əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.
Turizm eksperti Ceyhun Aşurov da hesab edir ki, El Nino
hadisəsinin Azərbaycana təsiri daha çox qlobal iqlim dəyişiklikləri
vasitəsilə hiss oluna bilər.
Onun sözlərinə görə, bu hadisə nəticəsində dünyanın bəzi
regionlarında quraqlıq, digər bölgələrində isə intensiv yağıntılar,
daşqınlar və sel hadisələri müşahidə olunur.
“El Nino hadisəsinin Azərbaycana birbaşa təsiri məhdud olsa da,
qlobal miqyasda hava və iqlim şəraitində müəyyən dəyişikliklərə
səbəb ola bilir. Bu kimi dəyişikliklər dünya üzrə turizm sektoruna
da təsirsiz ötüşmür”, – deyə ekspert bildirib.
C.Aşurovun fikrincə, yay aylarında havaların daha isti keçməsi
insanların açıq hava istirahətinə marağını artırır. Bu proses
yalnız çimərlik turizminə deyil, həm də təbiət və kənd turizmi
istiqamətlərinə müsbət təsir göstərə bilər.
“Temperaturun yüksəlməsi insanların milli parklara, meşələrə və
müxtəlif istirahət zonalarına səfərlərini artırır. Eyni zamanda,
isti hava çimərlik turizminin inkişafı üçün də əlverişli şərait
yaradır və dənizkənarı istirahət məkanlarına tələbatı yüksəldir.
Əlverişli hava şəraiti dağ turizmi, ekoturizm və kənd turizmi
marşrutlarının daha aktiv istifadə olunmasına şərait yaradır. Bu
isə regionlarda turizm fəaliyyətinin genişlənməsinə, xidmət
sektorunun inkişafına və yerli iqtisadiyyatın canlanmasına töhfə
verir”.
Bununla belə, C.Aşurov iqlim dəyişikliklərinin yalnız imkanlar
deyil, həm də yeni çağırışlar yaratdığını bildirib.
“Dünyada ekoloji tarazlığın pozulması müxtəlif iqtisadi sahələr
kimi turizm sektoru üçün də həm yeni imkanlar, həm də risklər
formalaşdırır. Buna görə də turizm sənayesində fəaliyyət göstərən
şirkətlər və sahibkarlar biznes modellərini dəyişən iqlim şəraitinə
uyğunlaşdırmalı, ekoloji amilləri strateji planlaşdırmanın əsas
istiqamətlərindən biri kimi nəzərə almalıdırlar”, – deyə ekspert
vurğulayıb.

