Bakı-Tbilisi-Qars region üçün əsas xətdir

Baş səhifə

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun bugün Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında rəsmi açılış mərasimi keçirilir. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirak edirlər.

Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun region üçün alternativ marşrut deyil, əsas tranzit xətlərindən birinə çevrilməsi ilə bağlı gözləntilər artır. Orta Dəhliz boyunca yük axınının artdığı bir dövrdə BTQ-nin tam gücü ilə işə düşməsi Azərbaycanın regional logistika xəritəsində rolunu daha da gücləndirə bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilib tam gücü ilə istifadəyə verilməsi  Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir:

“Azərbaycan Prezidenti Bakı Enerji Həftəsinin açılış mərasimində həm də ölkəmizdə infrastrukturun inkişafı, nəqliyyat və logistika məsələlərinə xüsusi toxundu. Xüsusən enerji sektorunun inkişafı kontekstində infrastrukturun inkişaf etdirilməsinin Azərbaycan üçün əsas prioritetlərdən olduğunu qeyd etdi. İnfrastrukturun inkişaf etdirilməsi, əlbəttə, nəqliyyat və logistika üçün imkanlar yaradır.

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilib tam gücü ilə istifadəyə verilməsi bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Çünki bu, xüsusən də Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarının artmasına gətirib çıxaracaq. Digər tərəfdən, bu həm də ölkənin gücünü göstərir. Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasının əsas təşəbbüskarı Azərbaycandır. Gürcüstana buna görə uzunmüddətli kredit verib, Gürcüstan üzərindən layihənin reallaşmasına nail olub. Bu kontekstdə, təbii ki, Azərbaycanın mövqeyi Bakı-Tbilisi-Qarsın qurulmasında vacib idi.

Biz Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin şahidi olduq. Belə ki, qatarın yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldi. Bu da sözügedən dəmir yolu vasitəsilə daha çox yükün daşınmasına imkan yaradacaq”.

Deputat vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu kifayət qədər müasir, sürətli və etibarlı logistika xəttidir:

“Çünki bu xətt həm yük, həm də sərnişindaşıma üçün istifadə olunan xəttdir. Eyni zamanda bu, Azərbaycan, Gürcüstan və digər ölkə vətəndaşlarının sözügedən dəmir yolu xəttindən istifadəsinə və səfərlər etməsinə imkan yaradacaq. Daha geniş coğrafiyada səfər imkanı yaradır. Bu gün dünyada qatar turizmi inkişaf etməkdədir.  Bu baxımdan Bakı-Tbilisi-Qars qatarı həm də bölgədə turizmin inkişafına xüsusi töhfə verəcək.

Azərbaycan beynəlxalq tərəfdaşlar, eləcə də qonşularla strateji tərəfdaşlıqda maraqlı dövlətdir. Xüsusilə də Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq formalaşıb. Ölkələr ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Bakı-Tbilisi-Qars dəmir yolu bir tərəfdən Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək. Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsi müşahidə olunur. Bütün bunlar da təbii ki, nəqliyyat və logistika imkanlarının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə gətirib çıxaracaq”.

V.Bayramov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu həm də Orta Dəhlizin genişləndirilməsinə dəstək olacaq:

“Çünki Orta Dəhliz, xüsusən Rusiya-Ukrayna müharibəsi və sanksiyalar kontekstində daha çox maraq kəsb etməkdədir. Artıq Asiyanın və Çinin yox, Avropanın Orta Dəhlizə marağı kifayət qədər yüksəkdir. Orta Dəhliz vasitəsilə yüklərin daşınması üçün də infrastrukturun genişləndirilməsi prioritet idi.

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bu kontekstdə Orta Dəhlizin daha intensiv istifadəsinə və daha çox yükün daşınmasına imkan verəcək. Regionda daha çox logistika və nəqliyyat infrastrukturunun olması beynəlxalq yükdaşımalar baxımından vacibdir. O baxımdan Bakı-Tbilisi-Qars yeni mərhələdə region üçün alternativ deyil, beynəlxalq yükdaşımaları dəstəkləyən bir xəttdir. Bu, region üzərindən daha çox yükün daşınmasına xidmət edəcək və regionun geosiyasi mövqeyini artırmaqla Azərbaycan və Gürcüstan daxil olmaqla bir çox region ölkələrinin gəlirlərinin artmasına gətirib çıxaracaq”.