ABŞ Rusiyaya sanksiyaları yumşalda bilər

Baş səhifə

ABŞ administrasiyası dünya bazarında neft qiymətlərinin kəskin artması fonunda Rusiya neftinə tətbiq olunan bəzi sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə planlarla tanış olan üç mənbə məlumat verib.

Məlumata görə, belə bir addımın məqsədi İran ətrafında müharibə səbəbindən yaranan enerji çatışmazlığı fonunda qlobal neft qiymətlərinin daha da bahalaşmasının qarşısını almaqdır. Son günlər bazarda qiymətlər kəskin yüksələrək 2022-ci ildən bəri ən yüksək səviyyələrə çatıb və analitiklər münaqişə davam edərsə neftin 150 dollara qədər bahalaşa biləcəyini istisna etmirlər.

Bununla belə, Rusiya neftinə sanksiyaların yumşaldılması ABŞ-ın Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirməsinin qarşısını almaq siyasətini çətinləşdirə bilər. Ekspertlər hesab edir ki, Vaşinqton hazırda enerji bazarını sabitləşdirmək ilə Rusiyaya qarşı təzyiqi saxlamaq arasında balans tapmağa çalışır.

Enerji bazarlarında gərginlik əsasən Yaxın Şərqdəki münaqişə ilə bağlıdır. İranla qarşıdurma və Hörmüz boğazında daşımaların risk altına düşməsi qlobal neft təchizatında narahatlıq yaradıb. Bu marşrutdan dünya üzrə neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən beşdə biri keçir.

Analitiklərin fikrincə, əgər müharibə uzanarsa və enerji axınları tam bərpa olunmazsa, dünya bazarında yanacaq qiymətləri uzun müddət yüksək qalacaq və bu, qlobal inflyasiya və iqtisadi artıma ciddi təsir göstərə bilər.