İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan
Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və
İnkişaf Forumu” keçirilir.

Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)
birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davam
edəcək.

Komitədən bildirilib ki, foruma 28 ölkədən 29 azərbaycanlı,
eləcə də Azərbaycana dost xalqları təmsil edən gənc diaspor
fəalları qatılıb.

Forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək
fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və
təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor
fəaliyyətinə cəlb olunmasıdır.




Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin
birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin
(TBMM) deputatı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq
qrupunun rəhbəri Şamil Ayrım, İstanbul şəhərinin Bağcılar rayonunun
kaymakamı Abdullah Uçqun, TADEF-in rəhbəri Ədalət Turan və
təşkilatın idarə heyətinin üzvləri, İstanbulda fəaliyyət göstərən
diaspor təşkilatlarının rəhbərləri, Xalq artisti Əlixan Səmədov,
Əməkdar artist Məlahət Abbasova, Əməkdar incəsənət xadimi Rəşad
Zeynalov və Əməkdar rəssam Teymur Rzayev iştirak edir.

Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma,
şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor
gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər
keçiriləcək. Eyni zamanda “Azərbaycan dilinin qorunması və
təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai
diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq
layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, Azərbaycan Diaspor Gənclərinin (ADG)
2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni
koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi
nəzərdə tutulur.