Buzovnada piyada ehtiyatsızlığı ölümlə nəticələndi (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7
radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini
Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil
yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı
vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını
itirib.

Trend xəbər
verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, yeni həftənin ilk günlərində piyadaların
vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki,
onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu
hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış
məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən
edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd
yanaşması ilə bağlı olub.

Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar
üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar
hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək
yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət
iştirakçılarının taleyini də təhlükə altına qoyur.




Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət
daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli
şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri
dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə
yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi
məsuliyyətidir.