
Zəngilan. Trend:
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri
yalnız yaşayış məntəqələrinin yenidən qurulmasını deyil, həm də
Azərbaycanın tarixi-mədəni irsinin və sosial-mədəni həyatının
dirçəldilməsini əhatə edir.
Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu
mədəniyyət nazirinin müavini Fərid Cəfərov Zəngilanda Diaspor
Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
O bildirib ki, işğal dövründə Azərbaycanın zəngin mədəni irsi
məqsədli şəkildə məhv edilib.
“İşğal altında qalmış ərazilərdə 700-dən artıq tarixi və
mədəniyyət abidəsi dağıdılıb. Bu vandalizm məscidlərimizi,
türbələrimizi, qəbiristanlıqlarımızı və digər müqəddəs
məkanlarımızı da əhatə edib”, – deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan dövləti Prezident İlham
Əliyevin rəhbərliyi ilə həmin irsin bərpasını prioritet
istiqamətlərdən biri kimi müəyyənləşdirib.
“Böyük qayıdış təkcə insanların öz yurdlarına qayıtması demək
deyil. Burada vaxtilə mövcud olmuş sosial-mədəni həyatın, tarixi
yaddaşın və mədəni irsin bərpası bu prosesin əsas tərkib
hissəsidir”, – deyə F.Cəfərov bildirib.
Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın
rəhbərliyi ilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi
tərəfindən Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası və
qeyri-maddi mədəniyyət nümunələrinin yaşadılması istiqamətində
ardıcıl layihələr həyata keçirilir.
“Xarıbülbül Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri,
şəhər günləri və digər mədəni layihələr Qarabağın tarixi-mədəni
mühitinin yenidən canlandırılmasına xidmət edir”, – deyə o
vurğulayıb.
F.Cəfərov qeyd edib ki, Azərbaycan zəngin mədəni irsi ilə
dünyada xüsusi yer tutur.
“Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilmiş elementlərin sayına görə 193 ölkə arasında
ilk altılıqda yer alır. Bu, xalqımızın mədəni irsinin zənginliyinin
beynəlxalq səviyyədə təsdiqidir”, – deyə o bildirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan mədəniyyəti ölkə
sərhədləri ilə məhdudlaşmır.
“İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi
dahilərin irsi bu gün də geniş coğrafiyada öyrənilir və dünya
mədəniyyətinə təsir göstərməkdə davam edir. Bu irs hər bir
azərbaycanlı üçün qürur mənbəyidir”, – deyə o qeyd edib.
F.Cəfərov bildirib ki, Vətən müharibəsindən sonra regionda yeni
reallıq yaranıb, lakin Azərbaycanın mədəni irsinin beynəlxalq
səviyyədə tanıdılması istiqamətində fəaliyyət davam
etdirilməlidir.
“Mədəni irsimizi düzgün təqdim etmək, onu qorumaq və dünyada
Azərbaycan irsi kimi tanıtmaq hər birimizin, xüsusilə də xaricdə
yaşayan gənclərin üzərinə düşən mühüm vəzifədir. Bunun üçün
tariximizi, ədəbiyyatımızı və mədəniyyətimizi dərindən öyrənmək
lazımdır”, – deyə o vurğulayıb.
Nazir müavini diaspor gənclərini Mədəniyyət Nazirliyinin xaricdə
fəaliyyət göstərən mədəniyyət evləri və Diasporla İş üzrə Dövlət
Komitəsinin Azərbaycan evləri ilə sıx əməkdaşlığa çağırıb.
“Sizləri Azərbaycanın xaricdəki mədəniyyət elçiləri kimi
görürük. Mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması
istiqamətində sizin fəallığınız xüsusi əhəmiyyət daşıyır”, – deyə
F.Cəfərov əlavə edib.

