Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin ən güclü təbliğatçılarına çevriləcəklər – Məsim Məmmədov

Baş səhifə

Zəngilan. Trend:

Diaspor Gənclərinin VII Yay Düşərgəsində iştirak edən gənclər
Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdıracaq, burada
qazandıqları təcrübə isə onların gələcək fəaliyyətinə mühüm töhfə
verəcək.

Trend-in
Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Məsim Məmmədov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin
açılış mərasimində deyib.

O bildirib ki, diaspor gənclərinin yay düşərgələri artıq ənənəyə
çevrilib və bu il keçirilən tədbir sayca yeddincidir.

“İki il əvvəl Laçında keçirilən düşərgə bizim üçün böyük təcrübə
oldu. Gördük ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı
gənclər doğma Vətənə necə bağlıdırlar və Azərbaycana nə qədər böyük
maraq göstərirlər”, – deyə o vurğulayıb.

M.Məmmədov qeyd edib ki, düşərgə iştirakçıları burada
qazandıqları bilik və təcrübəni gələcək fəaliyyətlərində istifadə
edəcəklər.

“Ümid edirəm ki, bu tədbirdən sonra siz nəinki Azərbaycanın
həqiqətlərinin təbliğatçılarına çevriləcəksiniz, həm də burada
qazandığınız dostluqlar və təcrübə gələcək karyeranıza müsbət təsir
göstərəcək”, – deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən bərpa-quruculuq prosesi öz miqyasına görə unikal
yanaşma ilə həyata keçirilir.

Onun sözlərinə görə, bölgədə inşa olunan beynəlxalq hava
limanları, magistral yollar, tunellər, körpülər, su anbarları və
digər iri infrastruktur layihələri gələcək iqtisadi inkişafın
əsasını təşkil edir.




“Bu layihələr regionun iqtisadi potensialının formalaşmasına
xidmət edir. Logistika, kənd təsərrüfatı, tikinti və digər
sahələrin inkişafı üçün güclü baza yaradılır”, – deyə M.Məmmədov
qeyd edib.

O bildirib ki, Qarabağın bütün rayonları vahid inkişaf modeli
əsasında bir-birini tamamlayır və hər bir bölgənin resursları ümumi
inkişaf strategiyasına xidmət edir.

M.Məmmədov əlavə edib ki, Laçının zəngin su ehtiyatları regionun
digər rayonlarında kənd təsərrüfatının inkişafına dəstək verir, su
elektrik stansiyalarının istehsal etdiyi enerji isə təkcə bölgənin
deyil, gələcəkdə ölkənin enerji təminatına da mühüm töhfə
verəcək.

Xüsusi nümayəndə qeyd edib ki, Qarabağın davamlı inkişafı üçün
yüksək ixtisaslı insan resurslarının hazırlanması əsas
prioritetlərdən biridir.

“Bu ərazilərin müasir texnologiyalar əsasında idarə olunması
üçün gələcəkdə savadlı, peşəkar və yüksək ixtisaslı mütəxəssislərə
ehtiyac olacaq. İnanıram ki, bu gün burada iştirak edən gənclərin
bir qismi gələcəkdə həmin prosesdə öz töhfəsini verəcək”, – deyə o
bildirib.

Sonda M.Məmmədov diaspor gənclərinə düşərgə müddətində Qarabağda
aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olmağı,
onları maraqlandıran bütün sualları ünvanlamağı tövsiyə edib.

“Bu günləri maksimum dəyərləndirin, Qarabağ barədə mümkün qədər
çox məlumat əldə edin və gördüklərinizi yaşadığınız ölkələrdə
obyektiv şəkildə çatdırın”, – deyə o əlavə edib.