
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 149,674 milyon manat sığorta haqqı
toplanılıb.
Trend-in
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamalarına
görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 milyon manat və ya
23,1% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə ötən
ilin eyni dövrü ilə müqayisədə 11,3 milyon manat və yaxud 16,6%
artaraq 79,679 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-iyun aylarında icbari sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı
müştərilərə geri ödənilib.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət
göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon manat
məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
50,3 milyon manat və ya 6,16 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon
manat təşkil edib ki, bu da illik müqayisədə 117,5 milyon manat və
ya 27,2 faiz artım deməkdir.
Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI
Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də
diqqət mərkəzində olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının
sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd
ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.
Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən
edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata
keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti
nəticəsində mümkün olub.
“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi
üçün böyük potensial mövcuddur. Azərbaycanda sığortanın əhatə
səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu
potensialın tam reallaşdırılmasıdır”, – deyə Ü.Cabbarova
vurğulayıb.
O qeyd edib ki, əsas məqsəd yalnız bazar göstəricilərinin
artırılması deyil, sığortanın insanların həyatında daha mühüm yer
tutmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfəsinin
gücləndirilməsinə nail olmaqdır.
Trend-ə özəl müsahibə verən İnvestisiya və İxrac Kreditlərinin
Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin
İnkişafı Departamentinin direktoru Yasir Alaki isə bildirib ki,
təşkilat Azərbaycanda fəaliyyətini genişləndirmək üçün əhəmiyyətli
potensial görür.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən ICIEC-in üzvüdür
və bu müddət ərzində təşkilat ölkədə maliyyə və sənaye
sektorlarında müxtəlif layihələri dəstəkləyib.
“Bu günə qədər Azərbaycanda ticarət və investisiyalar daxil
olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları
sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik
göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük
potensial mövcuddur”, – deyə Y.Alaki bildirib.
O qeyd edib ki, ICIEC yerli banklarla əməkdaşlığı
genişləndirməyi, ixracın maliyyələşdirilməsini dəstəkləməyi və
Azərbaycana yeni investisiyaların cəlb olunmasına töhfə verməyi
planlaşdırır.

