Cənubi Koreyada yeni temperatur rekordu qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada bazar günü 1904-cü ildə müşahidələrə
başlanıldıqdan bəri ən yüksək temperatur qeydə alınıb. Ölkənin
cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42,5
dərəcə selsiyə çatıb.

Bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat
yayıb.

Qurumun rəsmi saytında bildirilib ki, Busan liman şəhərinin
yaxınlığında yerləşən Yanqsanda yerli vaxtla saat 13:26-da (Bakı
vaxtı ilə 08:26) termometrlər 42,5°C göstərib.

İyulun ortalarında Cənubi Koreya tarixində ilk dəfə olaraq ən
yüksək səviyyəli meteoroloji xəbərdarlıq elan etmişdi.




“Bu xəbərdarlıq sistemi tətbiq olunduqdan sonra ilk dəfədir ki,
belə bir xəbərdarlıq verilir”, – deyə Meteorologiya Agentliyinin
rəhbəri Li Mi Son bildirmişdi.

Onun sözlərinə görə, ən yüksək səviyyəli xəbərdarlıq “hətta
sağlam insanların belə istiliklə əlaqəli xəstəliklər və ölüm
halları da daxil olmaqla ciddi sağlamlıq problemləri riski ilə
üzləşdiyini” ifadə edir.

Milli Meteorologiya Agentliyinin məlumatına görə, ölkədə isti
hava dalğalarının illik orta sayı 1970-ci illərdəki 8 gündən son
beş ildə 19 günə yüksəlib. Temperaturun maksimum 33°C və ya daha
yüksək olduğu günlər “isti hava dalğası” günü kimi qeydə
alınır.