Köhnə “iPhone 4” ikinci əl bazarında yenidən populyarlıq qazanıb

Baş səhifə

Bakı. Trend:

Köhnə “iPhone 4” gözlənilmədən sosial şəbəkələrdə populyarlıq
qazanıb ki, bu da ikinci əl bazarında ajiotaj və istifadəçi
tələbinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Trend xəbər verir
ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Smartfonların təkrar emalı və yenidən istifadəsi bazarında
fəaliyyət göstərən “Compare and Recycle” şirkətinin araşdırmasına
görə, son bir il ərzində “Google”da “iPhone 4 almaq” ifadəsi üzrə
axtarışların sayı 979% artıb. Analitiklər bu dinamikanı köhnəlmiş
cihazların rəqəmsal kamera kimi istifadəsinin dəbə minməsi ilə
əlaqələndirirlər.




“iPhone 4” sahibləri bildirirlər ki, onun 5 meqapiksellik
kamerası “iPhone 17” də daxil olmaqla, müasir modellərlə müqayisədə
texniki cəhətdən geri qalmasına baxmayaraq, şəkillərdə yaratdığı
dənəvərlik və özünəməxsus atmosferə görə qiymətləndirilir.

Bununla yanaşı, “Compare and Recycle” mütəxəssisləri rəqəmsal
təhlükəsizliklə bağlı ciddi risklərə diqqət çəkirlər. “iPhone 4”
üçün son yeniləmə 2014-cü ildə buraxılmış “iOS 7.1.2” olub.

Mütəxəssislərin tövsiyəsinə görə, belə bir cihazdan əsas
smartfon kimi istifadə şəxsi məlumatların sızmasına səbəb ola
bilər. İstifadəçilərə məsləhət görülür ki, “Apple ID” ilə daxil
olmasınlar, elektron poçt, bank və ya məxfi məlumatların saxlanması
ilə bağlı tətbiqlər quraşdırmasınlar və cihazdan yalnız yaradıcı
məqsədlər üçün istifadə etsinlər.