Son günlər daxili bazarda toyuq yumurtasının qiymətində müşahidə olunan kəskin ucuzlaşma və mağazalardakı rəf boşluğu diqqət çəkir.
Məsələ ilə bağlı Modern.az-a danışan Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli daxili bazardakı mövcud vəziyyəti şərh edərək, qiymətlərin yaxın günlərdə yenidən əvvəlki temperaturuna qayıdacağını bildirib.

Onun sözlərinə görə, bazarda qiymətlərin ucuzlaşması bir neçə mühüm amillə birbaşa bağlıdır:
“Burada birinci növbədə mövsümi amil əsas rol oynayır. Günlərin uzanması kənd toyuqlarının yumurta istehsalını kəskin artırıb. Müqayisə üçün deyim ki, qış aylarında kənd təsərrüfatlarında gündəlik 120 min ədəd yumurta istehsal olunurdusa, hazırda bu göstərici 480 min ədədin üzərindədir.
İkinci amil, ümumilikdə sənaye müəssisələrində və quşçuluq fabriklərində istehsalın ciddi şəkildə artmasıdır. Üçüncü və sonuncu səbəb isə ixracın müvəqqəti azalmasıdır. Havaların kəskin istiləşməsi və regionda yaşanan son geosiyasi və logistik məsələlər səbəbindən xaricə yumurta ixracımız bir qədər səngiyib. Lakin bu keçici prosesdir və yəqin ki, yaxın günlərdə qiymətlər öz normal səviyyəsinə qayıdacaq”.
Assosiasiya sədri son günlər sosial şəbəkə seqmentində yayılan və alıcılar arasında təşvişə səbəb olan saxta, rezin yumurta və ya kütləvi xarab məhsul videolarına da aydınlıq gətirib. O, bu iddiaların tamamilə əsassız olduğunu vurğulayıb:
“Sosial şəbəkələrdə paylaşılan həmin videogörüntülər köhnədir və qətiyyən Azərbaycanda çəkilməyib. Onlar vaxtilə Çində və digər xarici ölkələrdə qeydə alınan vizual materiallardır. Yerli istehsal olan yumurtaların keyfiyyətinə və təhlükəsizliyinə tam zəmanət verilir, vətəndaşların narahatlığına heç bir əsas yoxdur”.

