
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai prospektində
hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına
başlayır. Layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması,
yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ
nəqliyyat növlərinin təşviqini hədəfləyir.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə
istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən
bölgüsü aparıldı. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən
Koroğlu Rəhimov küçəsinədək olan hissədə ümumilikdə 1,9 km
uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik
vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət
şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi
arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən
Dəmirçizadə küçəsinədək olan yol sahəsində 316 parklanma yeri
təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla
eynisəviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla
yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq
məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi
optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma
qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma
xətlərinin çəkilməsi təmin ediləcək.
Layihə şəhər mühitində balanslı nəqliyyat sisteminin
formalaşdırılmasına, hərəkətin təhlükəsiz və rahat təşkili ilə
yanaşı, vətəndaşların gündəlik hərəkət imkanlarının
genişləndirilməsinə xidmət edir.

