
Bakı. Trend:
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram
narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170
milyon 290 min AZN kimi qiymətləndirilir.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların
nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304
ton 579 kq olan 2 599 973 ədəd yabanı halda bitmiş narkotik
tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət
məsuliyyətinə 4253 nəfər cəlb edilib, onlardan 4127 kişi, 126 qadın
olub.
Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə
936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə
və 271,772 qr çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və
psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib, həmin faktlar üzrə
qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 768 kq 922,273 qr və 7527
həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və
5,7 qr güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 219 qrup halında
törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton
965 kq 337,674 qr nakotik vasitə, psixotrop maddə maddə və 33 qr
güclü təsir edən maddə müsadirə edilib.
2061 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən
törədilmiş və onlardan 1 ton 641 kq 588,011 qr müxtəlif növ
narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

