Bulvarda olanları görəndə adamı lap vahimə basır…

Cəmiyyət


Rövşən Əsədov yazır…

Hələ ibtidai sinifdə oxuyurdum. O qədər də dəqiq xatırlamıram, ya üçüncü sinifdə idim, ya da dördüncü. Yanımda bir qız otururdu. Özümü o qıza göstərmək üçün masanın üstünə qələmlə adımı yazmışdım. Müəllim görəndə dedi ki, sabahdan partaların üstünə ağ örtük çəkəcəyik, bəziləriniz masanın üstünü yazırsınız. Hiss edirdim ki, müəllim məni nəzərdə tutur.

Sabahı gün masaların üstünə ağ örtük çəkildi. Mən isə bu pis vərdişimi davam etdirdim. Ağ örtüyün üstünə də adımı yazdım. Sonra başladım uşaq ağlımla rəsmlər çəkməyə. Müəllim bir gün dedi ki, örtüklər çirklənib, yumaq lazımdır. Xüsusilə mənə yaxınlaşıb dedi ki, örtüyü apar, evdə əvvəlcə valideynlərinə göstər, sonra ver, yuyub-təmizləsinlər. İçimdə nəsə qırıldı sanki. Qara buludlar başımın üstünü aldı ki, mən adımı yazdığım bu örtüyü evdə anama, atama necə göstərəcəyəm? Birtəhər özümdə cəsarət toplayıb anama göstərdim. Çox əsəbiləşdi. Atama bir söz deməsə də, məni tənbeh etdi. Dedi, olmaz, yazmaq üçün dəftər var, kağız var. Axırıncı dəfə olsun ki, masanın üstünü, örtüyü yazırsan.

O vaxtdan qulağımda sırğa elədim ki, hara gəldi nəsə yazmaq, çəkmək olmaz. İndi evdə körpə övladım var, onun da əlinə qələm verirəm. Amma qarşısına da kağız qoyuram ki, yazmaq istəsə, evin digər yerlərini, masanı, divarını yox, dəftəri, kağızı yazsın. Kağızda yazmağı indidən vərdiş etsin.

Bəlkə də, mənim uşaqlığım müharibə dövrünə düşdüyü üçün bunu etməmişdilər. İndiki uşaqlar kimi masada arxasında əyləşib, qarşıma dəftər qoyub, əlimə qələm aldığımı da xatırlamıram. Amma sinif müəlliminin mənə verdiyi dərs, anamın qulağımdan asdığı sırğa, “bunu etmək olmaz” deməsi mənə bu pis vərdişi tərgitdi.

İndi isə bundan daha betər hadisələr gündəm olur. Bir müddət öncə bir cavan oğlan Dənizkənarı Milli Park ərazisindəki dekorativ güllərin üstünə yazı yazdığı, onu zədələdiyi üçün cəzalandırıldı. Bu gün isə bir yaşlı-başlı qadın həmin oğlanın hərəkətini təkrarladığı üçün cəza aldı. Bundan başqa, küçələrdə də buna bənzər hadisələr az çıxmır qarşımıza. Tarixi və tarixi olmayan binaların divarlarına öz aləmində maraqlı hesab etdiyi sözləri, cümlələri cızma-qara edən kim, binaların liftlərini dəmirlə, müxtəlif alətlərlə cızaraq nələrsə yazan kim… Bir sözlə, kimin əlinə nə keçir, cızır, yazır, dağıdır, ziyan verir.

Mənə, doğrudan da, təəccüblü gəlir ki, görəsən, bunların əlinə bir qələm verib, qarşılarına bir kağız qoyan olmayıbmı? 21-ci əsrdə, texnologiyanın bu qədər inkişaf etdiyi bir çağda, sosial şəbəkələrin ömrümüzün bir hissəsinə çevrildiyi vaxtda yazı yazmağa yermi tapılmadı? Görəsən, onlar bu yaşda özlərini kimə göstərməyə çalışırlar? Bununla nə demək istəyirlər? Natamamlıq kompleksi bu qədərmi ağır basır?

Yəqin, heç kimə sirr deyil ki, bunun hüquqi məsuliyyət tərəfi də var. Bir insan qadağadan məlumatlı olduğu halda niyə yaramaz hərəkət etsin ki? Özü də vandallıq edən azyaşlılar, uşaqlar deyil, böyük, özünü dərk edən insanlardır…

Bu dekorativ bitkilər bulvara yerləşdirilməyib ki, onları qıraq, kəsək, qoparaq, üstünü cızaq, yazaq, zədələyək, o bitkilər min bir əziyyətlə ölkəmizə gətirilir, parklarda əkilir ki, şəhərimizin gözəlliyinə gözəllik, zənginlik qatsın, gündəlik qulluq olunur. Biz niyə onu zədələyək, bu canlılara, bitkilərə, ağaclara zərər vermək hansı zərurətdən doğur? Dövlətə, təbiətimizə, ətrafımıza qarşı bu cür qəddar münasibətdə olmaq, dağıdıcı fikirlərlə yanaşmaq necə mümkün ola bilər ki?

Hökmən bunun qarşısını almaq üçün cəzalandırma tədbirləri olmalıdır, yaxud cəza tədbirləri daha da sərtləşdirilməlidir ki, bunu etməyək? Çox çətindirmi hər gün istifadə etdiyimiz lifti, binaları, divarları, təbiətimizi qorumaq, onlara qarşı mühafizəkar olmaq?

Düşünürəm ki, bunun təməlini elə evimizin içində qoymalıyıq. Uşaqlarımıza bunu hələ körpəlikdən aşılamalı, öyrətməliyik. Uşaq valideynin güzgüsüdür, öyrətmək üçün gərək özümüz özümüzə normal vərdişləri aşılayaq. Necə ki övladımız əlinə qələm, boya alıb evimizin divarlarını, masalarımızın üstünü yazanda, yaxud hansısa şəxsi əşyamızı zədələyəndə bizə ağır gəlirsə, bundan xoşhal olmuruqsa, bunu şəhərimizdəki digər obyektlərə qarşı da edəndə əsəbiləşməli, narahat olmalıyıq. Vandallıq heç bir topluma işıqlı gələcək vəd etmir. Bu zəkada, bu düşüncədə olan insanların – zərərvericilərin – özləri kimi böyütdükləri uşaqların on ildən sonra nələr edəcəklərini düşünəndə adamı lap vahimə basır…

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir