Təhqiqat Qrupunun rəisi: “Kinolarda göstərilən epizodlar fantaziyadır” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Narkotik problemi hazırda bütün dünyada aktualdır. Narkotacirlər “patı”, “şüşə” kimi tanınan metamfetamini daha çox yaymaq üçün yalan təbliğata əl atırlar. İddia edirlər ki, guya metamfetamin insanı arıqladır, həyat və sağlamlığına müsbət təsir edir, depressiyanı aradan qaldırır və s. Bu da ona gətirib çıxarır ki, bəzən qadınlar da sırf arıqlamaq məqsədilə bu maddədən istifadə edirlər. Bəzi gözəllik salonlarında “arıqlama dərmanı” adı altında metamfetamin təklif olunurdu. Bu faktlar tərəfimizdən aşkarlanıb, zəruri əməliyyat tədbirləri görülüb. Bu şəxslər məsuliyyətə cəlb olunublar. Hətta əməliyyat zamanı bir narkotacir qadın saxlanılmışdı. O, öz azyaşlı övladlarından kuryer kimi istifadə edərək narkotik satışını təşkil edirdi. Bakının Yasamal rayonunda saat 23 radələrində keçirilən əməliyyat tədbiri zamanı bir xanımı yanında iki azyaşlı uşağı ilə saxladıq. Qadının yaxınları, qohumları bundan məlumatlı idilər, qanunvericiliyə uyğun olaraq, yaxın qohumlardan biri təhvil almalı idi, lakin o iki azyaşlı uşağa heç kim yaxın durmadı. Biz bu barədə aidiyyəti üzrə müvafiq qurumlara məlumat verdik və protokol tərtib edilərək uşaqlar məcburən sığınacağa təhvil verildilər”.

Bunu resmixeber.az-a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi, polis kapitanı Nəcəf Aydınoğlu deyib. Onunla müsahibəni təqdim edirik:

– Psixotrop maddələrin qanunsuz dövriyyəsi ölkə üzrə hansı şəhər, rayon və ya qəsəbə üzrə üstünlük təşkil edir?

–  Polis əməkdaşları tərəfindən ölkəmizin bütün bölgələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə intensiv aparılır. DİN-in ixtisaslaşmış Baş Narkotiklərlə Mübarizə İdarəsi bu istiqamətdə əlaqələndirici mövqe tutur, qanunla müəyyən olunan tədbirləri həyata keçirir. Təsnifata görə, narkotik vasitə ölkənin, əsasən, cənub bölgəsində çoxluq təşkil edir və digər bölgələrə daşınır. Bunun da səbəbləri var.

– Narkotiklərlə mübarizə üzrə hər əməliyyat prosesində tədbirlərin gücləndirildiyi bildirilir. Bəs bu narkotik vasitələr ölkəyə necə gətirilir?

– Narkotik maddələr ölkə ərazisinə cənub sərhədlərindən – Astara, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarından – qanunsuz yollarla gətirilir. Bu da sadalanan regionların relyef şəraitinə görədir. Bundan başqa, Beyləqan və Füzuli rayonlarından, eləcə də İmişlinin İran İslam Respublikası ilə sərhəd olan kəndlərindən ölkəyə narkotik maddələr daşınır, qanunsuz dövriyyəsi təşkil olunur.

Bunun nəticəsidir ki, polis əməkdaşları tərəfindən həmin yerlərdə daha çox əməliyyat tədbirləri keçirilir və şəxslər tutulub məsuliyyətə cəlb olunurlar.

– Məlumatlara görə, idarənin mülki əməkdaşları da bu əməliyyatlarda aktiv iştirak edirlər. Çünki vətəndaş şikayəti daxil olsa da, narkotik maddə istifadəçiləri və satışı ilə məşğul olanlar tez-tez məkan dəyişdirirlər. Ümumiyyətlə, əməliyyatları necə təşkil edirsiniz?

– Elə hallar olur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı vətəndaş müraciəti daxil olur. Bu, çox sevindirici haldır. Biz vətəndaşlarla narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məlumat vermələri barədə maarifləndirici tədbirlər keçiririk. Bizim çağırışlardan sonra mütəmadi olaraq sosial şəbəkələrdə olan hesablarımıza və DİN-in “102” Xidməti – Zəng Mərkəzinə vətəndaşlar tərəfindən narkotik alqı-satqısı ilə bağlı məlumatlar daxil olur. Ötən dövrlərdə vətəndaşlar müraciət edəndə anonimliyin pozulmasından narahat olur, ehtiyat edirdilər. Lakin bu günə qədər bizə müraciət edən bir nəfərin belə, anonimliyi pozulmayıb. Əməliyyatlar bir sıra üsullarla aparılır və proseslərin çoxu məxfilik rejiminə aiddir.

– Həmin əməliyyatlardan yadınızda qalan ən ekstremalı hansı olub?

– DİN-in Mətbuat Xidməti tərəfindən mediaya bu əməliyyatlar barədə müvafiq məlumatlar verilir. Hər bir əməliyyat polisin gərgin zəhməti hesabına mümkün olur. Xüsus yaradan təfərrüat barədə açıqlamalar verilmir. Fəaliyyətimizdə istisna yoxdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının sərhədçilərlə birgə keçirdiyi əməliyyat tədbiri zamanı Beyləqan rayonu Xələc kəndində 100 kiloqram narkotik vasitə (qurudulmuş marixuana və heroin) və 1 200 ədəd metadon həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Həmin şəxs ora sırf Beyləqan rayonuna qanunsuz yolla sərhəddən keçirilən narkotik maddəni əldə edib, Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırmaq məqsədilə gedib. Şəxs saxlanıb və aidiyyəti üzrə istintaq orqanına təqdim edilib. O, həbs olunaraq istintaq təcridxanasına göndərilib. Qeyd edim ki, bu yaxınlarda bir əməliyyatda ələ keçən ən böyük narkotik partiyasının çəkisi 187 kiloqram olub. Belə ki, dəniz yolu ilə narkotik maddələr gətirən şəbəkə Sumqayıt şəhəri, Yaşma bağları deyilən ərazidə tərəfimizdən saxlanılıb.

– Bildiyimiz qədər, narkotik vasitələri heç kim əlbəəl satmır. Müəyyən nöqtələr müəyyənləşir və alqı-satqı bir-birini görmədən həyata keçirilir. Eləcə də, narkotik vasitələr onlayn qaydada satılır. Narkotik satıcılarının tez-tez yer dəyişdirməsi axtarışlarınıza çətinlik yaratmır?

– Bu zaman əməliyyat-texniki tədbirlər keçirilir. Son dövrlərdə ənənəvi (əlbəəl) satışdan daha çox, onlayn, yəni təmassız satışlar artıb. Narkotacirlər vahid koordinat üzrə çalışmırlar, ötürmə-çatdırma, göndərmə fərqli-fərqli üsullarla təşkil edilir. Fəaliyyətimiz ona yönəlib ki, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəli nəticəsi olsun. Çətinlik yoxdur, bu, bizim işimiz, vəzifəmizdir.

– Bu ilin ötən dövrü ərzində narkotik maddə istifadəsi və satışı ilə məşğul olan neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub?

– Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 2023-cü ilin ilk beş ayı ərzində 2 ton 500 kq narkotik vasitə və psixotrop maddə aşkar olunub. Buna qurudulmuş marixuana, tiryək, heroin və insanlar arasında son dövrlərdə “patı”, “şüşə” kimi tanınan metamfetamin maddəsini misal göstərmək olar. 3261 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 271 şəxs çoxdur. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 76 nəfəri qadındır. Ümumilikdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və hər biri 125 nəfərdən ibarət 60 mütəşəkkil dəstə ifşa olunub.

– Filmlərdə izlədiyimiz səhnələr olur, narkoman və cinayətkarların arasına sızan polis əməkdaşları şəbəkəni məhv edirlər. Bu fantaziyadır, yoxsa əməliyyat proseslərində belə risklər olur?

– Xeyr, belə bir anlayış yoxdur, kinolarda göstərilən epizodlar fantaziyadır. DİN əməkdaşlarından kimsə narkotik istifadəçilərinin və ya narkotik satışı ilə məşğul olan dəstələrin içərisinə daxil olaraq məlumat toplamır. Bizim dövlətin maraqlarında vətəndaş amili, insanın sağlamlığı, təhlükəsizliyi əsas prioritet istiqamətlərdəndir. Biz əməliyyat tədbiri keçirən zaman ən birinci məqsədimiz əməkdaşlarımızın, hətta saxlanılan şəxsin belə sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır. Yox, əgər şəxs polisə silahla müqavimət göstərərsə, əlbəttə, polis əməkdaşları tərəfindən yerində müvafiq cavab tədbiri görülür. Digər hallarda adekvat tədbirlər həyata keçirilir. Amma əməkdaşımızın sağlamlıq vəziyyəti bizim üçün daha vacib və prioritet istiqamətdir.

– Keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşları arasında itki olubmu?

– Əməliyyat proseslərinin ardıcıllığı elə təşkil edilir ki, ən kritik halda belə düzgün strateji addımlar atılır. Bu da məhz polis əməkdaşlarının həyati təhlükəsini minimuma endirməyə hesablanıb. Əməliyyat tədbirləri tam peşəkarlıqla hazırlanır. Son ildə əməkdaşlarımız arasında xidməti vəzifəsini yerinə yetirən zaman həlak olan və ya ağır xəsarət alan olmayıb. Yüngül xəsarətlər ola bilər, bu da peşənin çətinliyindən irəli gəlir. 

– Bu kimi əməliyyatlarda narkomanlarla əməkdaşlıq leqal sayılırmı?

– Əməliyyat-axtarış subyektlərinin fəaliyyəti “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Qanunla əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi var, səlahiyyətdən kənara çıxan tədbirləri həyata keçirmək qadağandır.

– Azərbaycanda narkotik vasitələrin istehsal olunması barədə də fikirlər səsləndirilir. Bu, həqiqəti nə dərəcədə əks etdirir? Təbii ki, söhbət qeyri-leqal proseslərdən gedir…

– Azərbaycanda narkotik maddə istehsalı ilə bağlı bütün iddialar, şübhəli məqamlar yoxlanılır. Məsələn, iddia edilirdi ki, Sumqayıtda istehsal prosesi aparılır. Lakin bütün üsullarla əməliyyatlar keçirildi və iddialar təsdiqini tapmadı. Yalnız DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu deyil, digər aidiyyəti qurumlar tərəfindən də müvafiq araşdırmalar aparıldı. Ölkəmizdə heç bir narkotik maddə istehsal olunmur. Narkotik vasitələrin hamısı ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir.

– Bütün bu tədbirlərin fonunda sanki narkotik vasitələrin qanunsuz dövriyyəsində azalma müşahidə edilmir…

– Keçirilən tədbirlər effekt verməsəydi, bu gün biz daha böyük rəqəmlərdən danışmalı olardıq. Narkotik maddələrin satışını təşkil edən şəxslər əməliyyatlar zamanı saxlanır və məsuliyyətə cəlb olunurlar. Mütəmadi olaraq sizin, eləcə də digər mətbu orqanların vasitəsi ilə əhali arasında maarifləndirici tədbirlər aparılır.  Amma təəssüf ki, bu gün də bizim ölkədə narkotik istifadəçisi və narkotik maddələrin alqı-satqısını təşkil edən şəxslər var. Biz bu prosesdə heç vaxt yaxamızı kənara çəkmirik. Ən uğurlu əməliyyat tədbiri belə bizdə arxayınlıq yaratmır. İnsanların bizə olan inamını, güvənini boşa çıxara bilmərik. Əməkdaşlarımızın bu sahədə daha da təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, inkişaf istiqamətində qabaqcıl təcrübələr öyrənilir. Narkotiklərə qarşı mübarizə aparmağın yeni alternativ yolları müəyyən olunur.

Narkotik maddələrin qanunsuz dövriyyəsində müşahidə edilən artımın yeganə səbəbi puldur. Bu işlə məşğul olan şəxslərin birinci marağı maddiyyat, yəni puldur. Heç kim insanlara vurduğu ziyanı, gələcək nəsilləri məhv etdiyini düşünmür. Amma elə hallar olur ki, heç pula ehtiyacı olmayan adam da narkotik satışı ilə məşğul olur. Sosial durumu o qədər yaxşı olub, pula ehtiyacı olmayan adamlar narkotik satırlar ki, səbəb ancaq artıq tamah və pula daha çox meyillənməkdir. Narkotik yunan sözüdür və “narko”, yəni “yuxu” deməkdir. Amma bu müvəqqəti  “xoşbəxtlik”dir, belə daimi xoşbəxtlik ola bilməz. Axırda insan bədbəxt olur. Mən bunu  polis əməkdaşı kimi yox, Azərbaycan gənci kimi deyirəm. Narkotik satanlar bir şeyi başa düşməlidirlər ki, bu işdən hələ bu günə qədər heç kim fayda görməyib. 

– Bəs narkotik vasitələrin qiyməti niyə ucuzlaşıb? Bunu sosial şəbəkələrdə bəzi layihələrdə həyatını danışan narkomanların özləri etiraf edirlər…

– Ümumiyyətlə, dünya bazarında narkotacirlər əlçatanlığı və narkotik istifadə edən şəxslərin sayını artırmaq üçün süni şəkildə qiymətləri aşağı salırlar. Məqsəd şəxslərin daha çox narkotik istifadə etməsidir. Burada da ümumi maraq var. Çünki hər bir narkotik istifadəçisi gələcəyin potensial narkotik satıcısı və narkokuryerdir. Ölkə xaricində olan narkotacirlər də bunu bilirlər. Buna uyğun da narkotiklərin qiymətini aşağı salırlar. Onlar üçün əsas maraq bizim ölkədə narkotiklərin satışını təşkil etməkdən daha çox mütəmadi olaraq narkotik maddə qəbulundan  sonra artıq narkokuryerə çevrilən insandan istifadə etmək və narkotikləri tranzit yollarla başqa ölkələrə daşımaqdır.

– Son vaxtlar bloqerlərdən birinin layihəsində narkotik qəbul edən şəxslər öz həyat hekayələrini bölüşürlər. Bloqerlər sizinlə əməkdaşlıq edirlər?

– Deməzdim ki, bloqerlər bizimlə əməkdaşlıq edirlər. Həmin layihənin rəhbəri Nail Kəmərli cəmiyyətin fəal üzvüdür. O, bizim real əməliyyat tədbirimizdə də iştirak edib. Ancaq buna əməkdaşlıq deməyək, onun öz istiqaməti var. Keçmiş narkotik istifadəçilərinin videolarını paylaşır. Düşünürəm ki, bu, maarifləndirmə baxımından müsbət haldır. Ancaq bəzi hallar olur ki, həmin şəxslər sanki nümunəvi insanlar kimi təqdim olunurlar. Nümunəvi ona görədir ki, narkotik istifadəçisi olub, ancaq öz iradəsi ilə narkotikə qalib gəlib və yenidən həyata, cəmiyyətə inteqrasiya olunub. Mənfi hal isə təəssüf ki, onların hər birinin narkotik istifadə etməsidir. 

Bizim də əsas marağımız nədir? Aludəçinin islah olunması, narkotik istifadə edən şəxsləri yenidən həyata qaytarmaq və yaxud bu işdən uzaq olan şəxslərin qarşısında böyük bir sədd quraraq onları narkotik bəlasından qorumaq. Yəni bu nöqteyi-nəzərdən düşünürəm ki, orda olan videolar insanlara müsbət təsir edə bilər.

– Narkotik maddələrin daha “əyləncəli” təbliğat növlərindən biri də mahnılardır. Bəzi mahnılarda narkotik maddələr, onun təsiri və s. barədə sanki şüuraltı mesajlar yer alır. Bu barədə fikirləriniz və görülən tədbirlər də maraqlıdır.

– Ümumilikdə “YouTube” platformasında bir neçə belə video paylaşılıb. Bu mahnılar daha çox taksilərdə səsləndirilir. Ümumiyyətlə, narkotiklə bağlı istənilən məsələ bizi maraqlandırır, müşahidə edilir, təhlil aparılır. Cəmiyyətə təsir göstərə, mənfi imic yarada biləcək istənilən hal bizi əməliyyat tədbiri keçirməyə sövq edir. Dediyim kimi, istənilən məsələ bizi maraqlandırır və orada motiv narkotikin təbliğidirsə, müdaxilə edilir.

– Narkotik bəlası təəssüf ki, çox uzun bir dövrü əhatə edir. Amma nə üçün “patı” deyilən metamfetamin marixuana, tiryək, tramadol kimi deyil, çox böyük “partlayışla” yayıldı? Əsasən də gözəllik salonlarında arıqlamaq vasitəsi kimi yayıldığı iddia edilir.

– Vətəndaşların danışdığı, müzakirə etdiyi söz-söhbətlər çox olur. Narkotik məsələsi hazırda bütün dünyada aktualdır. Narkotacirlər “patı”, “şüşə” kimi tanınan metamfetamin maddəsini  insanlar arasında yaymaq üçün bəzi hallarda təbliğatdan istifadə edirlər. Guya həmin maddə insanı arıqladır, həyat və sağlamlığa müsbət təsir edir, depressiyanı aradan qaldırır və s.

Metamfetamin insanın həyat və sağlamlığına böyük təsir göstərir, fiziki və psixi anatomiyanı məhv edir. Digər narkotik maddələrdən fərqli olaraq metamfetamin maddəsi kimyəvi tərkibli olub (sintetik narkotik növüdür) daha çox təsiretmə gücünə malikdir. Yəni ki, belə təbliğedici hallar olur.

Bəli, qadınların da sırf arıqlamaq məqsədilə istifadə etdiyi hallar olub. Bəzən gözəllik salonları arasında “arıqlama dərmanı” adı altında metamfetamin təklif olunanlar olurdu. Bu faktlar tərəfimizdən aşkarlanıb, zəruri əməliyyat tədbrləri görülüb. Bu şəxslər məsuliyyətə cəlb olunub. Hətta tərəfimizdən keçirilən əməliyyat zamanı bir narkotacir qadın saxlanılmışdı. O, öz azyaşlı övladlarından kuryer kimi istifadə edərək narkotik satırdı. Yasamal rayonunda gecə 23 radələrində keçirilən əməliyyat tədbiri zamanı bir xanımı yanında iki azyaşlı uşağı ilə saxladıq. Qadının yaxınları, qohumları bundan məlumatlı idilər, qanunvericiliyə uyğun yaxın qohumlardan biri təhvil almalı idi, lakin o iki azyaşlı uşağa heç kim yaxın durmadı. Biz bu barədə aidiyyəti üzrə müvafiq qurumlara məlumat verdik və protokol tərtib edilərək uşaqlar məcburi olaraq sığınacağa təhvil verildi. Yəni bildirmək istəyirəm ki, vətəndaşlar və ya yaxın qohumlar belə hallar aşkar etdikdə, çəkinməməlidirlər. İlkin mərhələdə məlumat verilməlidir ki, biz də ona uyğun addım ataq.

– Qanunsuz dövriyyədən çıxarılan narkotiklər hansı qaydada məhv edilir? Media çox vaxt bu proseslərdən kənarda qalır, prosesdən yalnız DİN-in yaydığı rəsmi məlumatlardan xəbər tuturuq.

-Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının müvafiq qərarına əsasən, Binəqədidə yerləşən Boladəritmə zavodunda ildə iki dəfə Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə narkotik maddələrin yandırılaraq məhvetmə prosesi həyata keçirilir. 

Qeyd edim ki, bu prosesi izləmək üçün medianın iştirakı sərbəstdir. Hətta narkotik madddələrin məhv edilməsi prosesini izləmək istəyən vətəndaşlara da bu imkan yaradıla bilər. Buna məhdudiyyət qoyulmur. Bu cür məhvetmə prosesləri barədə hətta öncədən rəsmi məlumat yayılır, media nümayəndələri də iştirak edə bilir.

– Narkotacirlərin ifşa edilməsində xarici ölkələrin hüquq-mühafizə əməkdaşları ilə əməkdaşlıq nəticə verirmi?

– Mütəmadi olaraq xarici ölkənin hüquq-mühafizə orqanlarının müvafiq bölmələri ilə  əməkdaşlığımız olur. Bizim Türkiyə və digər ölkələrlə müqavilələrimiz var. Xarici ölkələrin hüquq- mühafizə orqanları ilə mütəmadi aparılan sıx əməkdaşlıq çərçivəsində aşkarlanan şəbəkələr olub.

– DİN-in rəsmi məlumatlarında “O, narkotiki tanımadığı İran vətəndaşından aldığını deyib” ifadəsinə tez-tez rast gəlirik. O “tanınmayan” İran vətəndaşı kimdir?

– Saxlanılan şəxsin ifadəsində dediyi şərti adlar nədirsə, mətbuata da onlar verilir. İran vətəndaşı ona deyir ki, adı Əlidir, Vəlidir və s. Videolarda bu məlumatları qeyd edirik. Məlumatlarda saxlanılan şəxsin narkotiki “Hadi”, “Baba” adlı İran vətəndaşından aldığı göstərilir.

– İrandan Azərbaycana keçirilən narkotiklərin qarşısını hansı ölçüdə almaq mümkün olur?

– Sırf “İranla bağlı görülən tədbirlər” anlayışı doğru olmazdı. Amma reallıq budur ki, ölkəyə narkotik maddələr daha çox İrandan gətirilir. Məqsəd Azərbaycandan tranzit zona kimi istifadə edib narkotiki Avropaya daşımaqdır. Bu nöqteyi-nəzərdən narkotik satışının istənilən təzahürünə qarşı tədbir görürük. Yəni narkotik satışını təşkil edən heç bir şəxs toxunulmaz deyil.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir