Dövlət xəstəxanalarında müayinə avadanlıqları keyfiyyətli deyil – ŞİKAYƏT + RƏSMİ CAVAB

Cəmiyyət


Dövlət tibb müəssisələrində, xüsusilə Sumqayıtdakı xəstəxanalarda problemlər haqqında mütəmadi şikayətlər səsləndirilir. Sosial şəbəkələrdə yayılan şikayətlərdə bildirilir ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün özəl tibb müəssisələrinə göndəriş verilmir. Səbəb kimi dövlət tibb müəssisələrində rentgen, maqnit-rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT), qan analizi və digər müayinələrin mövcudluğu göstərilir. Lakin bu müayinələr vətəndaşları qane etmir. Yəni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xəstəni göndərdiyi tibb müəssisələri müayinə-müalicə üçün keyfiyyətli avadanlıqlara, müvafiq aparatlara sahib deyil. Buna baxmayaraq, müasir müayinə vasitələri ilə təchiz edilmiş özəl xəstəxanalara da icbari tibbi sığorta ilə müraciət etmək olmur. 

Problemlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə ümumilikdə, 108 adda 1 768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlara daxili orqanların müayinəsi üçün müasir ultrasəs müayinəsi (USM) avadanlıqları, reanimasiya tədbirlərinin yaxşılaşdırılmasına xidmət edən tibbi avadanlıqlar (kardiomonitor, infuzomat defibrilyator cihazları, anesteziya və süni tənəffüs aparatları, daşınan və stasionar tipli sorucu aspiratorlar), laporoskopik cərrahi əməliyyatların icra olunması üçün cihazlar (rezektoskop, elektrokoaqulyator və möhürləmə cihazı, radiotezlikli cihaz, liqasiya cihazı, xoledoxoskop cihazı) və instrumental müayinələrin aparılması üçün şüa diaqnostika avadanlıqları (rentgen aparatları) daxildir. 

Agentliyin bildirdiyinə görə, habelə ginekoloji müayinələrin aparılması üçün müasir ultrasəs cihazı, hamiləliyin gedişatının izlənilməsi üçün üçölçülü (3D) USM cihazı, ana bətnində dölün ürək döyüntülərinə əsasən vəziyyətinin qiymətləndirilməsinə imkan verən kardiotokoqrafiya (KTQ) cihazı satın alınıb. Bütün bunlarla bərabər, vaxtından əvvəl doğulmuş körpələrin saxlanılması üçün inkubator (küvez), fototerapiya cihazı, vəziyyəti ağır olan vaxtından əvvəl doğulmuşların respirator terapiyası üçün süni tənəffüs cihazı alınıb.

Avadanlıqların cari il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub. 

İTSDA-nın məlumatında o da qeyd edilib ki, avadanlıq, cihaz və ləvazimatlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq. Dövlət tibb müəssisələrinin müasir avadanlıqlarla mərhələli şəkildə təchizatı vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin edəcək. Yeni alınmış avadanlıqlar vətəndaşların yaşadıqları yerə yaxın ərazidəki dövlət tibb müəssisəsində icbari tibbi sığorta çərçivəsində müayinələrdən keçmələrinə imkan yaradacaq.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir