21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.
“resmixeber.az”un məlumatına görə, turnirin Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib. Gürcüstanın paytaxtı Tbilisidəki “Mesxi” stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.
36 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, “qırmızı şeytanlar”dan 3, “narıncılar”dan isə 2 futbolçuya sarı vərəqə göstərib.
Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.
B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib – 2:0. Hesabı ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib.
B qrupunun Rumıniya – İspaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.
21:45
21 yaşadək futbolçular arasında bu gün start götürən Avropa çempionatının ilk qolunu ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Ukrayna millisinin futbolçusu Aleksey Kaşuk vurub.
“resmixeber.az”un məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi Xorvatiya yığması ilə matçın 19-cu dəqiqəsində fərqlənib. O, Artyom Bondarenkonun ötürməsini qola çevirib.
Qeyd edək ki, müqavilə ilə ölkəsinin “Şaxtyor” (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
www.RESMIXEBER.az