Rusiya-İran: Ticarət kəməri silah daşınması kanalı kimi böyüyür – ŞƏRH

Siyasət


Ukraynadakı müharibədən cuşa gələn İran Yaxın Şərq siyasətini yenidən nəzərdən keçirir və hərəkətlərini özünün nüvə silahı əldə etmək iddiaları ilə uyğunlaşdırır.

İranla Rusiya Çinin Yaxın Şərqdə şişən əzələlərini ABŞ-yə qarşı hərəkətlərdə qaçılmaz şans hesab edir, ona görə indi Moskva-Tehran xəttində Vaşinqtonu regionda qara günlərə qərq etmək planları görünür.

İran nüvə danışıqlarında təsir rıçaqları yaratmaq üçün Suriya və İraqdakı ABŞ qüvvələrini hücumlarla hədələməyə davam edir, hərçənd Rusiya bu planın baş memarı deyil.

Baş arxitektor Çin də deyil, sadəcə olaraq, həm Moskva, həm də Pekin İranı ABŞ-yə qarşı müqavimətdə proksi qüvvə kimi qiymətləndirirlər, özləri isə açıq qarşıdurmalardan çəkinirlər.

Bu üç dövlətin hərəsinin öz maraq dairəsi var, bir-birlərinə qarşı batində sevgisizlik, zahirdə isə dostluq münasibətləri göstərirlər.

Ukraynadakı münaqişə bu üç ölkəni Qərbə qarşı eyni orbitdə saxlamağa kömək edir, ancaq bu tempin hara qədər saxlanılacağı sual altındadır.

Gələcək sualları aradan qaldırıb onun yerinə praqmatik cavablar axtarışında olan Rusiya-İran “müttəfiqliyi” Volqa-Xəzər kanalına Çini də qoşur. Bu, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün vasitələrdən biridir, Volqa-Xəzər kanalının dərinləşdirilməsi də həmin planın tərkib hissəsidir.

Kanalın dərinləşdirilməsi Rusiya-İran ikilisi ilə yanaşı, Çin və Hindistana da imkan verir ki, Xəzərdən Avropaya daha ağır yükləri daşısın.

Bu amil eyni müqavimət oxunda dayanan Rusiya-İran-Çin üçbucağına geoiqtisadi və geosiyasi baxımdan faydalıdır, Tehrana fürsət tanıyır ki, o, Moskva-Pekin alyansına inteqrasiya olunsun.

Ancaq Volqa-Xəzər marşrutu təkcə ticarət kəməri kimi deyil, həm də İrandan Rusiyaya Ukraynaya qarşı silah ixracı kanalı kimi böyüyür və genişlənir.

İyunun 16-da İranla Rusiya Xəzər dənizi və Volqa çayı üzrə nəqliyyat marşrutlarını müzakirə ediblər, bu kəmərin genişlənməsi Tehranın Moskvaya hərbi texnika ötürməsinə dəstək kimi şərh oluna bilər.

Ukraynadakı müharibə həm də müdafiə sənayeləri arasındakı rəqabətdir, İranın Rusiyaya silah dəstəyinə qarşı hərəkətliliyin arxa fonu həmin motivlərə dayanır.

Hərçənd, inanmaq olmur ki, İranın müdafiə sənayesi NATO-nunku qədər irəliləsin, İsrailin ən müasir silahları səviyyəsinə çatsın.

Bununla belə, narahatlıq mövcuddur, İran müdafiə sənayesi Ukraynada özünün həlledici təsdiqini tapsa, bu, qüvvələr balansını dəyişmək iqtidarı kimi ölçülə bilər.

Təkcə ona görə yox ki, İran özünün kamikadze dronları ilə Ukraynadakı müharibənin tərəfinə çevrilir.  Burada o məqamı da incələmək lazımdır ki, Rusiya Ukraynada ələ keçirdiyi NATO silahlarını İrana ötürüb Tehranın silahlanma bazarında yeni analoqlar yaratmasına kömək edə bilər.

Bu hələlik bir versiyadır, hərçənd, Rusiyanın özü silah arsenalını təkmilləşdirmək və inkişaf etdirmək üçün Qərbin inventarındakı dəqiq silahların sxemlərini ələ keçirməyə can atır.

İranın Ukraynadakı iştirak fazası onun Yaxın Şərq siyasəti və Cənubi Qafqaza baxışı ilə çarpaz vəziyyətə gəldikcə vəziyyət daha da mürəkkəbləşəcək.

İranın oyunçuluğundakı düşmən axtarışları ambisiyaları regionda maraqları olan digər aktorlar üçün yaxşıya ümidlərini saxlayıb, pislərə hazırlıqlı olmasını şərtləndirəcək.

Region artıq coğrafi olaraq fərqli məkanları özündə ehtiva edir, geosiyasi məzmunda isə bu gün Ukraynadakı münaqişə, Yaxın Şərqdəki qarışıqlıq və Cənubi Qafqazdakı vəziyyət sinxronluq təşkil edir. Çünki regional və qlobal oyunçular eynidir.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir