“Mən sevinirəm ki, bu yaşımda da olsa, yuxularıma, Laçınıma qovuşuram”.
Bu sözləri resmixeber.az-a açıqlamasında 31 ildir yurd-yuvalarından didərgin düşən, bu gün isə Laçına köçən, rayon sakini 82 yaşlı Adilə Əlişova deyib.
O, müzəffər ordumuzun, şəhidlərimizin və Ali Baş Komandanın sayəsində Laçına qovuşduğunu bildirib:
“Artıq mənim 82 yaşım var. Nə qədər arzularım, xəyallarım puç oldu. Erməni vandalları evimizi, yurdumuzu viran qoydular. Bu günə şükürlər olsun ki, biz öz evimizə qayıdırıq. Bizə bu günü bəxş etdiyinə görə şəhidlərimizə, Prezidentimizə öz təşəkkürümü bildirirəm. Laçın mənim həmişə yaralı yerim olub. Həmişə bu günü xəyal etmişəm. Şükür ki, biz bu gün xəyallarımıza qovuşuruq”.
Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park – 3” yaşayış massivindən 22 ailə Laçın şəhərinə köçürülür.
Aytac Qasımova
www.RESMIXEBER.az