“Son zəng” həyəcanı bağça uşaqlarının valideynlərini də bürüyüb: Gül dükanları “qaynayır” – REPORTAJ + FOTO

Cəmiyyət


“Son zəng” – onbirincilərin son, gələcək uğurlarının ilk sədasıdır. Sabah ölkəmizin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınacaq. Şagirdlər uzun illər müstəqil həyata atılacaqları günü gözləyirlər. Həftələr, hətta aylar öncədən unudulmaz günə xüsusi olaraq hazırlaşırlar. Siniflər bir-birindən əlvan bəzədilir, hər kəs bir nəfər kimi ağ köynək geyinir.

“Son zəng” günü onbirincilər bir-birlərinə, müəllimlərinə və birincilərə müxtəlif hədiyyələr verirlər.

Digər özəl günlərdə olduğu kimi, “Son zəng” günündə də ən çox yada düşən gül dükanları olur. Çünki ən optimal hədiyyə gül hesab olunur.

Gülün qiyməti də hər bayram artmağa “adət edib”: adi günlərdə təxminən iki manata satılan bir qızılgülün qiyməti bayram vaxtı, eləcə də əlamətdar günlərdə dörd-beş manat olur.

Mövcud durumu öyrənmək üçün resmixeber.az-ın əməkdaşları Bakıdakı gül və hədiyyə dükanlarına üz tutublar.

İlk daxil olduğumuz dükanda sıxlıq müşahidə olunur. Əlamətdar gün ilə əlaqədar simvolik buketlər, gül dəstələri hazırlanaraq sıraya düzülüb. Görünən odur ki, “Son zəng”lə bağlı xeyli sifariş var. Dükanda müştəri əlindən tərpənmək mümkün deyil. Çoxusu sifarişlərini gəlib indidən götürür. Hətta bir yox, bir neçə buket aparanlar da var.

Satıcıların da üzlərində güllər açıb. Hamısı çox sevinclidir. Hiss olunur ki, satış çox yaxşıdır. Hərəsi bir tərəfdən sözə başlayır.

Satıcı Nurlan Əhmədzadə alıcılıq qabiliyyətinin yüksək olduğunu söyləyir:

“Alıcılıq qabiliyyəti getdikcə yüksəlir. Azalma şansı yoxdur. Bizim hazırladığımız güllərin kompozisiyası da ildən-ilə dəyişir. Seçimlər çoxdur. Hazırda dibçəklər də çox satılır”.

N.Əhmədzadə nəhəng səbət sifariş edənlərin daha çox olduğunu bildirir:

“Balaca səbət sifarişləri də var. O, məktəb çantası formasında olur. Cürbəcür güllərdən istifadə olunur. Şagirdlər sadə dizaynda buketləri daha çox sevirlər. Məsələn, qızılgül, zanbaqdan hazırlanan dəstələr. Kollektiv adından nəhəng səbət sifariş edənlər bu il daha çoxdur. Son gün qalıb. Keçən ilə nisbətən bu il sifarişlər tamam fərqlidir.

Tək onbirincilər yox, bağça uşaqlarına görə sifarişlər də artıb”.

Satıcı mağazada hər qiymətə gül satdıqlarını söyləyir:

“İnsanların büdcəsi nəzərə alınır. Təkliflər də büdcəyə görə dəyişir. Buketlərin minimum qiyməti 20-25 manatdan başlayır. Maksimum qiyməti isə demək mümkün deyil. Daha çox qızılgül satılır. Bir qızılgülün qiyməti dörd-beş, zanbaqların – üç-dörd manatdır. Qiymət gülün boyuna görə də dəyişir. Çobanyastığının qiyməti iki manatdan başlayır.

Güllər məzunlara özəl hazırlanır. Əksər müştərilər valideynlərdir. Onlar məzun övladlarına hədiyyə etmək üçün müraciət edirlər”.

Oyuncaq ayıların qiyməti ilə də maraqlanırıq. Satıcı bildirir ki, qiymət 20 manatdan başlayır:

“ Hər qiymətə var. Ən böyüyü 70 manatadır”.

Onun sözlərinə görə, tədbir bəzəmək üçün sifarişlər də çoxdur:

“Hər məktəbin sifarişi müxtəlifdir. Bununla yanaşı, qızlar “Son zəng” üçün güllərdən hazırlanmış tac, çələng, hətta qolbaq da sifariş edirlər.

Köynəklərə indi foto çəkdirmək dəb deyil. Bizdə işləyən rəssamlar da var. Əvvəlki illər köynəklərlə bağlı sifarişlər də olurdu. Bu il isə hələ ki yoxdur”.

Baş çəkdiyimiz digər dükanda satıcıdan başqa heç kim yoxdur. Satıcı Murad Cəfərli isə alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənir:

“Belə günlərdə dükan müştəri ilə qaynamalıdır. Amma görürsünüz ki, əksi müşahidə olunur. Bəlkə də, havanın isti keçməsi ilə əlaqədardır. Heç bu qədər zəiflik olmayıb. İstidir, kimdir gəlib gül alan?! Güllərin qiyməti müxtəlifdir. Qızılgüllərin qiyməti üç manatdan, dibçəkdəki güllərin qiyməti 15 manatdan başlayır. Gül səbətlərinin qiyməti 75-80 manat arası dəyişir”.

Bu dükanda zanbaqla qarışıq buket 100 manatadır. Digər buketlərin qiyməti 50-80 manat arasında  dəyişir. Qutuda olan gül kompozisiyası isə 89 manatadır. Oyuncaq ayıların qiyməti 80 manata qədərdir.

Qeyd edək ki, “Son zəng”i daha çox MDB ölkələrində qeyd edirlər. Bir sıra ölkələrdə bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlansa da, “Son zəng” ifadəsi, əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir. Ölkəmizdə “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i qeyd olunurdu, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də keçirilirdi. 2016-cı ildən isə tədris ilinin vaxtı uzadıldığı üçün “Son zəng” iyun ayının 14-də qeyd olunur.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir