Nə oldu, Paşinyan?

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Dünən Ermənistanın mərkəzi, qədim Azərbaycan yurdu İrəvana od düşüb. Daha doğrusu əvvəldən od düşüb, biz dünən xəbər tutmuşuq. 

CBC televiziya kanalının efirində erməni qadının az qala baş-saçını yola-yola “Azərbaycanlılar artıq İrəvandadır” deməsi ilə başlanan süjeti dünən izlədik. 

Xala odlu-alovlu çıxışının davamında deyir ki, “bu günlərdə yanımdan avtomobil keçdi, Azərbaycan nömrəsi ilə, onlar çox rahat kafe-restoranlarda, şəhərdə gəzirlər, nə istəyirlər edirlər. Bir maşından yüksək səslə muğam səslənirdi. Bir başqasından isə “Nə oldu, Paşinyan” mahnısı. Görün onlar bizim baş nazir haqqında necə mahnı oxuyurlar?” 

Görünür xalaya yaman yer edib bu mahnı. Çünki özünü dünyanın mərkəzi sayanlara reallıq tərs sillə kimi dəyib. Xala hələ təpinir ki, hansı haqla azərbaycanlılar Paşinyan haqqında mahnı oxuyurlar. 

Əvvəla qeyd edim ki, bu mahnını bu xalqa oxumaq haqqını ölkə başçısı İlham Əliyev verib. Ordumuz verib, şəhidlərimiz və qazilərimiz verib. 

Əgər yadınızdadırsa Prezident İlham Əliyev “Bəs Cəbrayıla yol çəkirdin Paşinyan, nə oldu?” çıxışından sonra bu ifadə dillər əzbəri oldu. Kiçikdən-böyüyə hər kəs Ali Baş Komandanın bu ifadəsini təkrarladı.

İndi kiminsə könlünə düşüb bu ifadəyə mahnı da qoşub. Belə də ki, əcəb edib, yaradıcılıq azaddır. 

İndi xala istəyir dinləsin bu mahnını, istəmir özü dediyi kimi çıxıb getsin ölkədən. Amma bu mahnını oxuyacağıq. Hələ xalanın mənim repertuarımdan xəbəri yoxdur. Elə qəşəng mahnılar bilirəm ki. Məsələn “İrəvanda xal qalmadı”, “Şuşanın dağları”, “Laçın” və s. Hələ bir məni gözləyin ay xala, maşının pəncərəsindən səsim batana kimi oxuyacağam. Niyə?

Çünki bu iki xalq mütləq dialoqa getməlidir. Bunun üçün də ən gözəl vasitə mədəniyyətdir. Mahnı oxumaqdır, şer deməkdir, meyxana deməkdir, yallı getməkdir. 

Ay xala, sən hələ gözlə, bizimkilər İrəvanda məşhur “Ağbaba” (Qərbi azərbaycanlıların yallısı) yallısını gedəndə danışarsan. İrəvandakı məsciddə cümə namazı qılınanda, xarabalığa çevirdiyiniz məzarlarımıza sahib çıxanda deyinərsən. Nə olub belə tələsirsən? Ay var, gün var.

Bəli, xalqlar arasında qısa zaman ərzində bütün əlaqələr qurulmalıdır. Həm ticari, həm də logistik. Azərbaycanlı iş adamları öz bacarıqlarını ortaya qoymalıdırlar. 

Elə Qərbi azərbaycanlılarımız çox yox, bir ilə İrəvanı ağ günə çıxardarlar. Tələb olunan binaları da tikərlər, “obyektlər” də qurarlar, hələ üstündə “Göyçə”, “Abaran”, “Ağbaba”, “Dərəçiçək”, “Vedibasar”, “Zəngəzur” adında hotellər, market, restoran şəbəkəsi də yaradarlar. Bir dənə də “Qərbi azərbaycanlıların mədəniyyət mərkəzi” də təsis edərlər. Onda bizim mahnıları daha tez-tez eşidərlər. 

Bu yazını oxuyanlardan, tərcümə edib ermənilərə göndərən hər bir kəsə bir daha bildirirəm ki, (savadlısı var, kəmsavadı var deyə) bütün saydıqlarımın Ermənistanın ərazi bütövlüyü, suverenliyi ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə yatırımdır, investisiya. İndi deyəcəksiniz ki, “belə pulunuz var, gedin başqa yerlərdə xərcləyin”. Bəli pulları da var, haqları da. Bir zamanlar azərbaycanlı türkü olduğu üçün dədə yurdundan qovulan, terror və soyqırımına məruz qalan bu insanların öz dədə yurdlarında yenidən qurub-yaratmağa, yaşamağa haqqı var. Mülkiyyət hüquqi isə bütün dünyada tanınan təməl əsaslardan biridir.

Bəlkə də, indi kimsə bunu oxuyur və düşünür ki, bu nə nağıldır axı yazırsan? 

Bütün nağıllar belə başlayır. Necə ki, 30 il əvvəl ermənilər Qarabağı işğal edəndə insanlar ümidini itirmədən nağıl qurdular. Ən ağır gecələrdə balalarına nağıl danışdılar. Biri var idi, biri yox idi deyib, bir gün Şuşaya, Laçına, Ağdama qayıdacağını xəyal etdilər. Bu gün minlərlə, onminlərlə Qərbi azərbaycanlı da öz yurd-yuvalarına qayıdacaqları günü xəyal edirlər. Deməli ki, bir gün qayıdacaqlar. Mütləq qayıdacaqlar. 

Qayıdıram od tutan erməni xalanın çıxışının davamına. Xalanı dəli edən əsas məqam “Nə oldu, Paşinyan?” mahnısının səslənməsi olub. Muğamla bağlı elə də geniş şərh vermədi xala. Davam edərək bildirir ki, “Ermənilər üçün bundan sonra ancaq ölmək qalır. Hər şeyi atıb regiona getmək istəyirəm, bütün bu baş verənlərdən dincəlmək üçün. Amma orada da azərbaycanlılar olacaq. Bundan sonra düşünürəm ki, ölkəni tərk etmək lazımdır. Ermənistanda bundan sonra yaşamaq mümkün deyil”. 

Açığı mən bu erməniləri başa düşmürəm. Əgər ölkəni tərk etmək istəyirsənsə, xahiş edirəm günahı bizə atma, ay xala. Yox, əgər musiqi zövqümüz səni qane etmədisə, üzürlü say, bu mahnını biz Şuşa-Laçın yolunda keçirilən aksiyada da oxumuşuq, əsgərlərimiz də oxuyub, uşağımız da, böyüyümüz də. Öyrəşməli olacaqsınız. 

Belə də ki, adam bir mahnıya görə ev-eşiyini tərk eləməz, ay xala. 

Zarafat bir yana, çox təəssüf ki, erməni xalqının əksəriyyəti hələ də sülhün nə olduğunu anlamır. Anlamır ki, Qafqazda sülh olmalıdır. Anlamır ki, yalnız sülh şəraiti Qafqazdakı bütün ölkələrin mədəni, iqtisadi inkişafına dəstək olacaq. Anlamır ki, Azərbaycanla düşmən olmaq lazım deyil. Çünki Azərbaycan düşmən deyil. Azərbaycan sadəcə özünə məxsus olanı geri qaytarıb.

Amma bu torpaqlarda sülh mütləq olacaq. Bütün maneələrə rəğmən olacaq. Bu torpaqlarda bir daha qan tökülməyəcək. Azərbaycan, ölkə başçısı İlham Əliyev buna nail olacaq. Özü də lap qısa zamanda. 

Ay xala, sən Allah heç yerə köçüb getmə, məni gözlə. Qəşəng mahnılar bilirəm, səhərə kimi İrəvanın küçələrinə düşüb oxuyacağam. Hələ bir “Mehtər Marşı” da var, o lap qiyamətdir. Hazırlaş.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir