DYP “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan ərazilərdə reydlər keçirib – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan ərazilərdə apardığı reydlər nəticəsində aydın olub ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin sayı kifayət qədər çoxdur. 

Bununla bağlı resmixeber.az-a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O qeyd edib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar bu əməllərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar: 

“Yollarda hərəkət fasiləsizliyinə mənfi təsir edən məqamlar kifayət qədər çoxdur. Bu işlə məşğul olmaq istəyən şəxslərə bir daha bildiririk ki, aidiyyəti qurumlara müraciət edib, fərqlənmə nişanı almalıdırlar. Şəhərlərarası daşımaları “20 Yanvar” dairəsində, yol kənarında xaos formasında deyil, Bakı Beynəlxalq Avtovağzalında xüsusi ayrılmış hissələrdə göstərsinlər. 

Sakinlərdən xahişimiz budur ki, konkret ayrılmış ərazilərdə yalnız qanuni fəaliyyət göstərən şəxslərə müraciət edərək, xidmətdən yararlansınlar. 

Kim işləmək, sərnişindaşıma xidməti göstərmək, özünə dolanışıq yolu tapmaq istəyirsə, sərnişindaşıma fəaliyyətində maneə ilə qarşılaşmayacaq. Sadəcə olaraq, qanun çərçivəsində, xüsusi sənədlərlə, sivil yolla iş görməlidirlər. Qanunsuz iş görən şəxslərin fəaliyyətindən minlərlə insan əziyyət çəkir. Dövlət strukturları buna biganə qala bilməz. Narazılıqlar, etiraz bildirmək istəyənlər, qanunu pozanlar, əməllərinə davam etmək niyyəti güdənlər olacaq, amma gec-tez bu problemi yoluna qoymaq lazımdır. Təhlükəsiz, fasiləsiz, rahat nəqliyyat, sərnişindaşıma istəyiriksə, addım atmalıyıq. Cəmiyyət də bu istiqamətdə bizə dəstək olmalıdır”.

Aysel Aslan

11:04

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Bu barədə resmixeber.az-a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:

“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə, eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.

Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.

Araz Əsgərli onu da qeyd edib ki, əsas hədəf “20 yanvar” dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların Avtovağzal metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasıdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir