Ödəniş edərkən su kartı yanır? – “Azərsu” ASC-dən vətəndaşın İDDİALARINA CAVAB

Cəmiyyət


Vətəndaş su sayğacının balansını artırmaq üçün kartı “MilliÖn” terminalında oxudub. Nəticədə kart yanıb və vətəndaş qurumlardan cavab ala bilmədiyini iddia edib.

Bu barədə şikayət vətəndaş tərəfindən sosial şəbəkədə paylaşılıb. Paylaşımda vətəndaş su sayğacının kartının yanması ilə əlaqədar suallarına cavab tapa bilmədiyini qeyd edib:

“Ötən gün “Azərsu” ASC tərəfindən başıma belə bir iş gəlib. Belə ki, “MilliÖn” terminalından “Azərsu” ASC-nin su sayğacına ödəniş etmək üçün terminala yaxınlaşdım. Karta terminalda ödəniş etdim. Daha sonra kartı sayğaca saldım və yanlış ödəmə yazıldı. “Azərsu” ASC-nin qaynar xəttinə zəng etdim və məni Sumqayıt Su Kanal İdarəsinə yönləndirdilər. Orada isə mənə dedilər ki, “MilliÖn” terminalından karta ödəniş etdiyim üçün sayğac kartı yanıb. Qurum əməkdaşının mənə dediyinə görə, “MilliÖn” ilə “Azərsu” ASC arasında bağlanan əməkdaşlıq müqaviləsi bitdiyi üçün su ödənişi ilə bağlı terminala salınan kartlar yanır. Ortada mənim 15 manat pulum getdi və yeni kart verdilər. İndi bu nə qədər leqaldır anlaya bilmirəm”.

“MilliÖn” ilə “Azərsu” ASC arasında müqavilə bitib? İddialar doğrudursa, bu barədə abonentlərə nə üçün məlumat verilməyib? Bu suallara cavab almaq üçün “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

A.Cəbrayıllının resmixeber.az-ın sorğusuna verdiyi cavaba görə, Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, son günlər bizə bu istiqamətdə müraciət daxil olmayıb.

Qurum rəsmisi “MilliÖn” ilə “Azərsu” ASC arasındakı əməkdaşlıq müqaviləsinin bitməsi ilə bağlı səsləndirilən fikirlərin tamamilə yanlış olduğunu qeyd edib:

“Bizim müqaviləmiz bitməyib, bu gün də abonentlər həm “MilliÖn”, həm də “E-manat” terminallarından ödənişlərini ödəyə bilirlər. Ola bilər ki, həmin abonentin su kartında qüsur olub. Aparata yerləşdiriləndə isə kart ödənişi götürməyib, amma abonentin ödənişi onun hesabına yüklənilib. Belə olan halda vətəndaş ya “ASAN Kommunal”a, ya da ərazi üzrə Su Kanal İdarəsinə yaxınlaşaraq yeni kart almalıdır. Zədələnmiş kartların dəyişdirilməsi isə ödənişlidir. Qurumun abonentləri təmin etdiyi su sayğacları üç növdür. Onların da kartlarının dəyişdirilməsi müvafiq olaraq 10-15 manat aralığında dəyişir.

Ödəmə terminalına su sayğacı kartının salınması zamanı kartın yanmasına dair iddialar da əsassızdır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir