Üçüncü adamın köməyi ilə ana olmaq – FOTO

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Qəribə səslənir. Hətta ilk anda düşünürsən ki, söhbət xəyanətdən gedir. Amma yox. Söhbət daşıyıcı və ya surroqat anadan gedir. 

İlk növbədə qısa məlumat verim ki, daşıyıcı ana və ya surroqat ana, valideyn ola bilməyənlər üçün ən son çıxış yolu hesab olunur. Bu vasitəyə çox zaman bir neçə dəfə süni mayalanma edən, uğursuzluğa düçar olanlar əl atırlar.

Azərbaycanda surroqat ana qanuni olmasa da, qonşu ölkələrdə bu qanuni şəkildə həyata keçirilir. Siyahıda Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, hətta Qazaxıstan da var. 

Bu, kommersiya layihəsi olaraq həyata keçirilir. Müəyyən məbləğ müqabilində sağlam, heç bir xroniki xəstəliyi olmayan, daha  əvvəl sağlam övlad dünyaya gətirən qadınlar müqavilə əsasında, bütün hüquqi prosedurları keçməklə körpəni dünyaya gətirir və onu bioloji valideynlərinə təslim edirlər.

Həm atadan, həm də anadan bioloji material götürülür və daşıyıcı anaya klinikada, xüsusi əməliyyatla köçürülür. Bundan əvvəl isə surroqat ana həkimin təyinatı ilə hormonal preparatlar qəbul edir ki, hamiləlik orqanizm tərəfindən təbii qarşılansın. Çünki ona köçürülən biomaterialı tələb olunan hazırlıq olmadan yad cisim kimi anlaya bilir. 

Bəzən də elə olur ki, cütlükdə olan qadının yumurtalıqları hamiləlik üçün yararlı olmur. O zaman surroqat ananın yumurtalıqlarından istifadə olunur. Sanki toxumu daha sağlam, daha bəhərli torpaqda əkirlər. 

Belə olan halda daşıyıcı ana həm də bioloji ana olur. Genetik olaraq doğulacaq körpə bu anaya məxsusdur. Bu məsələyə daha sonra qayıdacağam.  

Araşdırmalar göstərir ki, çox zaman süni mayalanma zamanı övlad istəyən cütlüklər uğursuzluqla qarşılaşır və xeyli zamanda pul və zaman itirirlər. Hər dəfə həkimlər, klinikalar söz verirlər ki, bu dəfə mütləq alınacaq. Amma çox zaman bu, sadəcə insanların hiss və emosiyaları üzərində qazanılan pullar olur.

Təbii ki, hər kəsin valideyn olmaq haqqı var. Bu haqqı və arzunu heç kimin əlindən almaq olmaz. Hər kəs öz seçimində azaddır. 
Azərbaycanda daşıyıcı ana haqqında qanun yoxdur və bu proses qeyri-qanuni hesab olunur. 

Amma və lakin son zamanlar müxtəlif sosial şəbəkələrdə məhz bununla bağlı elanlar qarşıma çıxdığına görə bu mövzu məni narahat etdi. Madam ki, qanunla bu proses nizamlanmır, bəs necə olur ki, bir sıra klinikalar bu barədə elan verirlər?

Hüquqşünas Ofeliya Rəhimova bildirdi ki, Azərbaycanda bu məsələ qanunla tənzimlənmir. Amma bunu edənlər gizli-qeyri-qanuni yollarla edirlər. Məsələn, daşıyıcı ana xəstəxanada körpəni dünyaya gətirir və ondan digər qadının xeyrinə imtina edir, yazılı-qanuni şəkildə. Bu da olur qanundan yan keçmək. Və maraqlısı da budur ki, bunun qanun pozuntusu olduğunu heç kim sübut edə bilmir. Məsələ iki nəfərin arasında qalır. Və belə baxanda hamı da xoşbəxtdir. Sonsuz sayılan cütlük valideyn olur, daşıyıcı ana da onu qane edəcək qədər pul əldə edir. 

Daşıyıcı ana  məsələsi qanunla tənzimlənən ölkələrdə sonsuz cütlük və daşıyıcı ana arasında heç bir emosional kontaktın olmaması üçün prosesi həyata keçirən klinikalar nəzarət edir. 

Daşıyıcı anaya ilk gündən başa salınır ki, o sadəcə işini görür və doğulacaq körpə onun övladı deyil.

İndi mənəvi sual yaranır. Əgər bir qadın emosional olaraq bətnindəki körpəyə bağlı deyilsə, onun qayğısına necə qalır? O körpəyə necə münasibət göstərir? Yox, əgər emosional bağlılığı varsa, doğuşdan sonra o körpədən necə imtina edə bilir? Axı klinika əməkdaşları 24 saat daşıyıcı ananı nəzarətdə saxlamır? Klinikanın vəzifəsi ilk növbədə sağlam, heç bir xroniki xəstəliyi və pis vərdişi olmayan qadının seçilməsi, daha sonra övlad sahibi olmaq istəyən cütlüyün biomaterialının uğurla daşıyıcı anaya köçürülməsi, sağlam və uğurlu hamiləliyin aparılmasıdır. Və təbii ki, sonda sağlam körpənin valideyn olmaq istəyənlərə təqdim olunması. Maraqlıdır ki, daşıyıcı ana olmaq istəyənlərin daha əvvəlki doğuşlarda qeysəriyyə olunmaması tələb olunur. 

Daşıyıcı anaların (xaricdə) ən çox şikayət etdikləri isə tibb personalının onlara ana kimi, hamilə qadın kimi yox, “rasxodnik” və ya “inqubator” kimi yanaşmalarıdır. Və burada biz daha çətin və gərgin münasibətlər sistemi ilə qarşılaşırıq. 

Bir tərəfdə valideyn olmaq arzusu ilə illərini, pullarını xərcləyən, hər dəfə süni mayalanmadan sonra uğursuzluq yaşayan qadın və kişilərin depressiyası, gərgin psixoloji anları, amma yenə də bu arzudan vaz keçməməsi, digər tərəfdə isə ehtiyac üçün, pul üçün daşıyıcı ana olmağı üzərinə götürən qadın. Və hər iki tərəfi idarə edən tibbi təşkilat və ya agentlik.

Qeyd edim ki, internetin açıq mənbələrində xeyli sayda məhz surroqat analıqla bağlı agentliklər mövcuddur. ABŞ-dən tutmuş Ukraynaya kimi. Yəni bu, çox dəqiq işləyən və təşkil olunmuş biznes layihəsidir.

Elə internetdə əldə etdiyim məlumata əsasən qeyd edirəm ki, ABŞ-də surroqat analığın qiyməti təxminən 80 000 – 200 000 dollar arasında dəyişir. Bu qiymətə embrionun yaradılması, surroqat kompensasiyası, hüquqi və digər xərclər aiddir.

Rusiyada təklif olunan qiymət isə 41 000 – 50 000 ABŞ dolları arasında dəyişir ki, agentliklər bu məbləğin hissə-hissə ödənilməsini də təşkil edirlər. Yəni ki, kreditlə. 

Qazaxıstanda surroqat ananın qiyməti adətən 40 000 – dən 55 000 ABŞ dolları arasında dəyişir. Bu məbləğə surroqat ananın kompensasiya, tibbi rüsumlar, hüquqi rüsumlar və agentliyin faizi daxildir.  

Ukraynada isə qiymətlər 35 000 – 60 000 aralığında dəyişir. Lakin ukraynalı qadının Əl-Cəzirəyə verdiyi müsahibədən ona agentliyin 11 000 dollar birdəfəlik və 250 dollar aylıq pul verdiyinə şahid oluruq.

Bu məqamı da mütləq qeyd edim ki, daşıyıcı anaların bir çoxu müsahibələrində qeyd edirlər ki, bunu pula ehtiyacları olduqları üçün edirlər. Çoxu da qeyd edir ki, bu məbləğə ya ev alacaqlar, ya da övladlarının təhsili üçün xərcləyəcəklər. Bu, bir qadın üçün asan məsələ deyil. Amma nə edək ki, bu dünyanın bütün işləri axırda pula bağlanır? 

İndi qayıdaq Azərbaycana. Yuxarıda qeyd etdim ki, bizdə surroqat ana rəsmi və ya açıq olaraq yoxdur. Amma klinikaların verdiyi elanlar adamda əsaslı şübhələr yaradır.

İkinci çox şübhəli məqam isə qadınlardan folekulların alınması elanlarıdır. Demək olar ki, bütün sosial şəbəkələrdə eyniməzmunlu elanlar görə bilərsiniz. “Folekul donoru olan xanımlara ehtiyac var, yaş 18-32, ödəniş 400-500 manat”. 

Və gələcəkdə bizi gözləyən cəhənnəm buradan başlayır, bəlkə də çoxdan başlayıb.

Deməli ehtiyac üzündən bir çox qadın öz razılığı ilə bu klinikalara gedir və folekullarını satır. Klinika bu biomaterialları götürüb donor bankına əlavə edir və süni mayalanma zamanı istifadə edir. Və adım kimi əminəm ki, o biomaterialların genetik və ya hansısa bahalı analizləri keçirilmir. Bəlkə də, həmin o folekullarda elə xəstəliklər var ki…

Və mina effekti işə düşür. Nə vaxt ayağımızı basacağımız bəlli olmaz. Ancaq bəllidir ki, bu, bir gün partlayacaq. 

Deməli nə baş verir. Eyni qadına məxsus xeyli sayda folekul biomaterial olaraq xeyli sayda qadına köçürülür və uşaqlar doğulur. Bu uşaqlar isə öz aralarında anadan birdirlər. Genetik olaraq. 

Bu uşaqların gələcəkdə bir-biri ilə evlənməyəcəyinə kim zəmanət verə bilər?

Mən inanmıram ki, folekulları 400-500 manata alan klinikalarda qeydiyyat və ya data olsun. Təsadüfi seçmə sayəsində kimə hansını köçürdülər köçürdülər. Əsas məqsəd odur ki, klinika pul qazansın. 

Heç bir izlənməsi və xəritəsi olmayan uşaqlar sabah cəmiyyətin bir hissəsinə çevrilirlər. Bir-birini tanımayan bioloji bacı-qardaşlar təsadüf nəticəsində rastlaşırlar, ailə qururlar və…

Bunun mənəvi tərəfini bir kənara qoyuram, bu minvalla millətin genetikası da məhv olacaq. Genetika eyni olduğu üçün uşaqlar ya əqli, ya da fiziki cəhətdən xəstə doğulacaqlar. Və bu artan proyeksiya ilə davam edəcək. Qan o qədər qarışacaq ki, sonda bəlkə də mutantlar dünyaya gələcəklər.  Bu indi gülməli gəlsə də, illər sonra bunun fəsadını çəkəcəyik. 

Yenə də kimisə qınamadan, hər kəsin valideyn olmaq arzusunu anlayaraq demək istərdim ki, bir az ağıllı davransaq daha yaxşı olar. 

Heç kimə ağıl vermədən surroqat, folekulu məlum olmayan bir qadından hamilə qalmaqdansa, körpələr evində xeyli sayda bioloji valideynləri tərəfindən tərk edilmiş balalar var, onlara sahib çıxmaq olar.

O balaların ailəyə, ana qucağına, ata dəstəyinə o qədər ehtiyacı var ki… Onların da ailəsi, ana-atası olmalıdır. Çünki yad uşaq olmur. Hamısı bizimdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir