Mayda toy eləmək olar, ya yox?

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Hər il may ayı gələr-gəlməz millətin ən böyük dərdi-səri yada düşür. Mayda toy eləmək olar, ya yox?  

Hər il müğənnilər, restoran rəhbərləri efirə çıxıb danışırlar, gileylənirlər ki, köhnə fikirlərlə yaşamayın, fərqi nədir hansı ayda toy edəcəksiniz? Əslində düz də deyirlər. 

Məhərrəm ayında, Ramazanda toy etmirlər ki, dini ayinlər həyata keçirilir. Mayı da bu siyahıya qoşublar ki, uğursuz aydır. 

Təbii ki, insanların dini-siyasi və ya inanclı fikirləri nə müğənnilər, nə də restoran sahibləri üçün maraqlı deyil. Onların dərdi budur ki, hansı ay olursa olsun, özləri demiş, bircə “boş ay” olmasın. Toy yoxdursa, qazanc da yoxdur. Ona görə də təbliğat aparırlar ki, toy edin. Belə baxanda da, hər kəs balasına bir tikə çörək aparır. 10 000 manatlıq müğənnisindən tutmuş, restoranın soyuq sexində salat doğrayana, ofisiantına qədər. 

Yox, əgər boşanmaqdan qorxursunuzsa, o zaman heç evlənməyin. Çünki evləndinsə, yüzdəbir faiz də olsa, boşanma ehtimalın var. 

May ayında toy etməmək inancının kökündə də elə bu durur. Guya bu ay, mayda toyu olanların əksəriyyətinin ailə həyatı uğurlu olmur, boşanırlar. Ya da övladları olmur. 

Öz təcrübəmdən deyə bilərəm ki, evlənəcəyin adamın kimliyi toyun hansı ayda baş tutmasından daha vacib məqamdır. O da ki, aya-günə baxmır.

Bizim millət üçün, elə içi mən qarışıq ən vacib məsələ elə toydur. Qardaş toyu, övlad toyu.

Toy səviyyəli-səliqəli keçirsə, restorandan borclu çıxmırsansa demək ki, hər şey möhtəşəmdir. Bəh-bəh, bundan gözəl nə ola bilər? 

Bir də toyun ləzzəti finaldakı atəşfəşanlıqdır. Toyun sonunda bəylə gəlinin şərəfinə atəşfəşanlıq olmadısa, o partlayışın səsi 40 kəndə yayılmadısa, səs-küydən mikrorayon silkələnmədisə, lərzəyə gəlmədisə, onda o toyu apar qaytar…

Artıq üç ildir ki, Şuşadakı atəşfəşanlıq nəinki 40 kəndə, bütün periferiyaya yayılır. Turanda da görünür, İranda da. Və bu elə bir hissdir ki, onu sözlə, musiqi ilə, qısası heç nə ilə ifadə etmək mümkün deyil. Bu mənzərəyə baxırsan, qürurundan göz yaşına hakim ola bilmirsən. 

Hər dəfə Şuşanın qala divarlarının üstündə min-bir rəngli fişənglər partlayanda bunu dost da görür, düşmən də. Elə bir az aşağıda erməni əsilli vətəndaşlarımız da Xankəndidən izləyirlər bu atəşfəşanlığı. Hər dəfə də Şuşadan atəşfəşanlığı çəkib yükləyirlər “TikTok”a, “Instagram”a. Öz dillərində deyinirlər.

Elə ikicə gün əvvəl, ulu öndər Heydər Əliyevin 100 illiyi şərəfinə Şuşada keçirilən silsilə tədbirlərin məntiqi sonluğu da atəşfəşanlıqla bitmişdi. Yenə də Xankəndi camaatı hay-küy saldı ki, “ bəs, biz əminik ki, bir gün yenə Şuşanı geri qaytaracağıq, yenə də daha bir “Dağlarda toy” yaşayacağıq. 

Məlumat üçün qeyd edim ki, “Dağlarda toy”  ermənilərin Şuşanın işğalı ilə bağlı əməliyyatın kod adı olub. 1992-ci ildə Şuşa mayın 9-u səhər saatlarında işğal altına düşüb. Şükür olsun ki, 2020-ci ildə Ali Baş Komandanın əmri ilə qalib ordumuz Şuşanı azad etdi. 28 il sonra Şuşaya döndük.  

İndi sözümü nəyə gətirirəm, Xankəndi camaatı son üç ildə ömründə görmədiyi qədər atəşfəşanlıq görüb, yüzlərlə beynəlxalq tədbir görüb. Ölkə başçısı İlham Əliyevin onlarla çıxışını görüb, bərpa edilən, yeni tikilən evləri, binaları, yolları görüb, “toydan” danışır. 

Adam demək istəyir ki, ay bala, sən get cehizini yığ, özünə təsəlli ver. Səni bu ağılla alan olmayacaq. 

Həqiqətən də, çox təəssüf ki, Xankəndi camaatı hələ də, “Dağlarda toy”dan danışır.  Həm də heç vaxt olmayacaq toydan. Çünki toyu ancaq biz edə bilərik. Bu ölkənin, bu torpağın sahibi olan biz. 

Əgər ki, bizim keçirdiyimiz toy məclisində yer istəyirsinizsə, o zaman Ölkə başçısı demişkən, ya bizim vətəndaşlığı qəbul edirsiniz, ya da gedin Marseldə toy edin. 

Amma bu başdan xəbərdar edim ki, fransızlar sizə elə bir toy tutacaq ki, gəl görəsən. Hamı bizim kimi qonaqpərvər, ürəyiyumşaq deyil. Nə qədər imkan var, yengə xoruzu qoltuğunuza verməyib, cer-cehinizi yığıb qayıdın atanızın xarabasına.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir