Psixologiya Elmi Tədqiqat İnstitutu: “Aqressiyanın ölçülməsinə dair testlər ölkə mühitinə adaptasiya edilir”

Cəmiyyət

“Bu gün ölkədə tətbiq edilən bəzi psixoloji testlər tərcümə olunsa da, adaptasiya olunmayıb və ona görə də aldığımız nəticənin doğruluğu müəyyən qədər sual doğurur. İkinci bir tərəfdən, əgər biz beynəlxalq indeksli jurnallarda məqalələrimizin çapını istəyiriksə, bu araşdırmaçılar məqalə yazarkən testdən istifadə etməlidirlər. Ancaq bu test gərək adaptasiya olunsun ki, sabah ondan ölkə daxilində, cəmiyyətdə aktual olan problemlərin müəyyənləşdirilməsi və həll yoluna dair fikir irəli sürmək üçün istifadə etmək də mümkün olsun. Bu istiqamətdə əldə edilən nəticələr də beynəlxalq standartlara uyğun formada həyata keçirilməlidir ki, sabah beynəlxalq jurnallar bu araşdırmaları qəbul eləsinlər. Ona görə də biz daha çox testlərin adaptasiyasına fokuslanmışıq. Biz testləri fərqli sahələr üzrə qruplaşdırıb, bölgü aparmışıq. Təhsil sahəsində, xüsusilə məktəb mühitinin öyrənilməsi ilə bağlı testlər ayrıdır və bu testlərin adaptasiyası üzərində çalışırıq”.

Bunu resmixeber.az-a müsahibəsində Psixologiya Elmi Tədqiqat İnstitutu sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov deyib. 

Həmin müsahibəni təqdim edirik:

– Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti nədən ibarətdir?

– Psixologiya Elmi-Tədqiqat İnstitutu 2018-ci ildə yaranıb. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək və bu istiqamətdə dünya standartlarına uyğun elmi-tədqiqat işlərini aparmaqdır. İnstitut eləcə də yerli psixoloji statistik məlumatların işlənməsi, kadr potensialının təkmilləşdirilməsi və peşəkar psixoloji yardımın göstərilməsi üçün də layihələr həyata keçirir. Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda həm fundamental, həm də eksperimental tədqiqat işləri aparılır, eyni zamanda, elmi metodik vəsaitlər hazırlanır.

Biz psixologiya elminin inkişafı ilə bağlı kifayət qədər genişmiqyaslı işlər görürük. Bunlardan biri də Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2022-ci ilin dekabr ayında Azərbaycanda ilk dəfə olaraq “Beyin və Davranış Laboratoriyası”nın yaradılmasıdır. Laboratoriyada olan cihazlar həm psixoloji diaqnostika, həm psixoloji korreksiya prosesində tətbiq olunur. Eyni zamanda, alınan elmi nəticələr üzərindən də elmi araşdırmalar aparılır, məqalələr çap olunur. Məqsədimiz ölkədə psixologiya sahəsində yerli və peşəkar mütəxəssislərin yetişdirilməsi və gələcəkdə cəmiyyətdə baş verən hadisələrin, istər ailə münasibətlərində, istərsə də işgüzar münasibətlərdə müşahidə edilən gərginliyin, aqressiyanın düzgün psixoloji  analiz edilərək çıxış yolunun tapılmasıdır.

– Artıq 5 ildir fəaliyyət göstərən institutun peşəkar kadr heyətinin sayı maraqlıdır. Qısa müddətdə psixologiya sahəsində bu qədər uzun zaman tələb edən elmi-tədqiqatları neçə nəfərlik kollektivlə həyata keçirirsiniz?

– Hazırda institutda çalışan peşəkar kadrların sayı 40 nəfərə yaxındır. Bu kadrların bir qismi elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir. Eyni zamanda, təkmilləşmə proqramlarında, kurslarda iştirak etməklə yanaşı, psixoloji yardım xidmətində də aktivdirlər. Qeyd edim ki, psixoloq kimi çalışan mütəxəssislərin 90 faizi elmi dərəcəsi olan magistr təhsilli, doktorant, dosent və professorlardır. Daha dəqiq desək, burada elmi-tədqiqat işləri dosent və professorların rəhbərliyi ilə aparılır və fundamental araşdırmalar həyata keçirilir.

– Aparılan elmi araşdırmalarla bağlı hazırlanan məqalələr beynəlxalq indeksli, bu sahədə ixtisaslaşmış hansı jurnallarda dərc olunub?

– Bu günə qədər Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2019-cu ildə Nəsiminin 650 illiyi ilə bağlı “Nəsimi İli”, 2021-ci  ildə dahi Nizaminin 880 illiyi ilə bağlı “Nizami Gəncəvi İli” çərçivəsində tədbirlər həyata keçirilib, elmi konfranslar təşkil edilib. Bir sıra elmi məqalələr də “Psixologiya” jurnalında çap olunub.

Keçən il biz Azərbaycanın görkəmli psixoloq-alimi, professor Əbdül Əlizadənin 90 illiyi ilə bağlı konfrans keçirdik və konfransda təqdim olunan elmi məqalələr  jurnalda da çap olundu. Bu müddət ərzində biz dünyada məşhur olan Robert Diltsin “Dilin sehri” kitabını Azərbaycan dilinə tərcümə eləmişik və kitab artıq çap olunub. “Təhsildə psixoloji xidmətin əsasları”, məktəb psixoloqları üçün metodik vəsaitin isə artıq dördüncü nəşri çap edilib. “Məktəbəqədər psixologiyaya giriş” adlı kitab hazırlamışıq. Bununla yanaşı, tibb işçiləri üçün metodik vəsaitimiz çap olunub. Hazırda Türkiyədən olan professor, dosent heyəti, eyni zamanda Azərbaycanda olan mütəxəssislərlə bərabər məktəb psixoloqları üçün hazırladığımız kitab yekunlaşmaq üzrədir.

2022-ci ildə qardaş Türkiyə Respublikasında iki böyük konfransda 4 araşdırma məqalə ilə çıxış etmişik. Bizim bu fəaliyyətlərimiz qardaş ölkənin nüfuzlu jurnallarında da çap olunub. Mən sadəcə bir şey deyim ki, tədqiqat işini aparmaq çox uzun zaman tələb edən bir işdir. Tədqiqatın özündən əlavə ona hazırlıq prosesi də zaman alan məsələdir. Yəni tədqiqat işini aparmaq gələcəyə yönəlmiş bir addımdır. Əgər söhbət fundamental tədqiqat işlərinin aparılmasından gedirsə, bu cür tədqiqat işləri ən azından 4-5 il zaman tələb edir. Tədqiqat işlərinin mövzusunun seçilməsi, nə qədər aktual olub-olmamasının müəyyənləşdirilməsi, aparılacaq tədqiqat işləri ilə bağlı hansı ölçmələrdən, testlərdən istifadə olunması və s. üçün xeyli vaxt lazım olur. Xüsusilə, önəmli olan məqam isə istifadə edilən mənbələr və onların mötəbərliyi, etibarlılığıdır. Heç kimə sirr deyil ki, bu tədqiqat işi bitəndən sonra da söhbət əgər beynəlxalq indeksli jurnallarda çapdan gedirsə, bu da ən azı 6 aydan 2 ilə qədər vaxt tələb edir. Orada çap olunması üçün məqalənin çapı ilə bağlı bir neçə xarici mütəxəssisin rəyi lazımdır. Bu gün institutun tədqiqat qrupu tərəfindən yazılan 10 məqaləmiz beynəlxalq indeksli jurnallarda çapa təqdim olunub. Onun 4-ü ilə bağlı artıq rəsmi cavab almışıq. İyun ayına qədər 4 məqaləmiz çap olunacaq. Bunlardan üçü məktəb mühitinin araşdırılması ilə bağlı məqalədir və bu araşdırmada ümumi təhsil müəssisələrində psixoloji işin təşkili ilə bağlı mühüm məsələlər yer alır.

Bu işlərlə yanaşı, biz davamlı olaraq vacib layihələr üzərində çalışırıq. Hazırda həm də psixoloji testlərin adaptasiyasına fokuslanmışıq. Bu da zərurətdən irəli gəlir. Çünki bu testlər adaptasiya olunmadığı təqdirdə biz Azərbaycanda istər təhsil sahəsində, istər səhiyyə sahəsində, istərsə də sosial xidmətlər sahəsində hər hansı bir psixoloji problemin hansı səviyyədə olduğuna dair dəqiq fikir söyləyə bilmərik. Problem də ondan ibarətdir ki, bu gün dünyada olan psixoloji test ölçmələrinin böyük bir qismi Azərbaycan dilinə adaptasiya olunmayıb. Hansı ki, o testlərin adaptasiya olunması bizə imkan verəcək ki, məsələn, məktəb mühitində bullinqin olub-olmamasını, hər hansı bir psixoloji sıxıntının, kiberzorakılığın, internet, telefon asılılığının olub-olmadığını müəyyənləşdirək. Kor-koranə deyil, doğru bir fikrin irəli sürülməsi üçün bu testlərin adaptasiyası vacibdir. 

Bu gün ölkədə tətbiq edilən bəzi psixoloji testlər tərcümə olunsa da, adaptasiya olunmayıb və ona görə də aldığımız nəticənin doğruluğu müəyyən qədər sual doğurur. İkinci bir tərəfdən, əgər biz beynəlxalq indeksli jurnallarda məqalələrimizin çapını istəyiriksə, bu araşdırmaçılar məqalə yazarkən testdən istifadə etməlidirlər. Ancaq bu test gərək adaptasiya olunsun ki, sabah ondan ölkə daxilində, cəmiyyətdə aktual olan problemlərin müəyyənləşdirilməsi və həll yoluna dair fikir irəli sürmək üçün istifadə etmək də mümkün olsun. Bu istiqamətdə əldə edilən nəticələr də beynəlxalq standartlara uyğun formada həyata keçirilməlidir ki, sabah beynəlxalq jurnallar bu araşdırmaları qəbul eləsinlər. Ona görə də biz daha çox testlərin adaptasiyasına fokuslanmışıq. Biz testləri fərqli sahələr üzrə qruplaşdırıb, bölgü aparmışıq. Təhsil sahəsində, xüsusilə məktəb mühitinin öyrənilməsi ilə bağlı testlər ayrıdır və bu testlərin adaptasiyası üzərində çalışırıq.

İkinci bir tərəfdən biz gerontologiya ilə, yaşlıların psixologiyası ilə bağlı beynəlxalq testlərin adaptasiyasına istiqamətlənmişik. Bir də bu günün ən böyük problemlərindən biri “gemblinq”, yəni oyun asılılığıdır. Söhbət internetdə yayılan mərc oyunlarından gedir. İnsanlar arasında geniş yayılan bu asılılıqla bağlı artıq 4 ölçək (meyar) seçmişik və o ölçəklərin müəlliflərindən Azərbaycan dilinə, mühitinə adaptasiya etmək üçün icazə almışıq. Biz bu istiqamətdə ümumi 14 ölçəkin adaptasiyasını nəzərdə tutmuşuq ki, bunun üçü artıq bitib.

– Oxuculara daha aydın olsun deyə sözügedən ölçəklərin tam olaraq nədən ibarət olduğuna bir az aydınlıq gətirək.

– Test ölçəkləri deyəndə biz problemi ortaya çıxaran meyarları, standartları nəzərdə tuturuq. Deyək ki, bir adamda depressiyanın olub-olmadığını müəyyən etmək istəyirik. Biz bunu necə bilə bilərik? Adamın üzünə baxıb deyə bilmərik ki, vizual müşahidə etdik, siz depressiyadasınız (gülür). Bu qənaətə gəlmək üçün müvafiq ölçəklər, yəni meyarlar olmalıdır.

Bu gün dünyada aqressiyanın ölçülməsi ilə bağlı ən son testlərdən biri Buss Perrynin 12 maddədən ibarət suallar toplusudur. Biz indi onu Azərbaycan mühitinə adaptasiya edirik. Çünki adaptasiya edilməsə, test nəticələri bizə doğru məlumat verə bilməz. Bu kimi testlərdən biri Aron Bekin depressiyanın müəyyən olunmasına dair tərtib etdiyi suallar toplusudur. Bu suallar Amerika mühiti üçün hesablanıb, ona görə də bu test Azərbaycanda keçərli ola bilməz. Dil və digər mühüm faktorlar var ki, onlar adaptasiya prosesində nəzərə alınmalıdır. Eyni zamanda, etnopsixologiyanı da nəzərə almalıyıq. Burada müxtəlif dəyərlər var ki, psixoloji test adaptasiyasında bunlar diqqətə alınmalıdır. Ona görə də testin adaptasiyası böyük və mürəkkəb mərhələli prosesdir. Burada linqvistik və bir çox mürəkkəb təhlillər aparılır. Yəni bir testin adaptasiyası 1-2 aya həll olunacaq məsələ deyil, daha çox zaman lazımdır. Təqribi bir psixoloji testi adaptasiya eləmək üçün yaxşı hazırlıqlı komanda və ən azı 4 ay vaxt lazımdır. Prosedura uyğun bir neçə min nəfər arasında sorğu keçirilir, yaş qrupu müəyyənləşdirilir və s. digər istiqamətlərdə dəqiqləşdirmələr aparılır. Bunlar hamısı dəqiqlik tələb edir. Bütün bu sadalanan proseslər həyata keçirildikdən sonra artıq adaptasiya olunmuş testi məqaləyə çevirib, aidiyyəti üzrə çapa göndərmək olar. Çap məsələsi də zaman tələb edir, çünki məqalənin dəqiqliyi, mənbələri və faydalılıq əmsalı beynəlxalq normalarla ölçülüb, yoxlandıqdan sonra təsdiq edilir.

– Bəs, dediyiniz beynəlxalq standartlara cavab verən testlər Azərbaycan mühitinə adaptasiya edildikdən sonra cəmiyyətdə bu testlərin insanlar üçün əlçatanlığı təmin ediləcəkmi?

– Əlbəttə ki. Psixologiya Elmi-Tədqiqat İnstitutunun məqsədi də birmənalı olaraq budur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda psixologiyanın inkişafına təkan verək. Biz bu testləri bu sahədə çalışan bütün mütəxəssislər üçün əlçatan edəcəyik. Onlara öz sferasında fəaliyyət üçün elmi sübuta əsaslanan düstur vermiş olacağıq. Bu gün bizim məktəb psixoloqları ilə bağlı problemlər var. Hər kəs bu problemi dilə gətirir, amma heç kim demir ki, biz məktəb psixoloquna nə vermişik ki, nə də tələb edə bilək? Biz hansı ölçmələri, hansı zəruri alətləri məktəb psixoloqlarına təqdim etmişik ki, onlar bunu tətbiq eləmir? Axı biz öncə zəruri mühiti yaratmalıyıq ki, onlar bu mühitdə fəaliyyət göstərə bilsinlər. Məktəbdə şagirdlərin aqressiya dərəcəsinin ölçülməsi, depressiv vəziyyətinin olub-olmadığının müəyyən edilməsi və s. digər istiqamətlərdə testlər təqdim edilməlidir. Məsələn, məktəbdə daha çox aqressiya, internet asılılığı, bullinq, kiberzorakılıq, diqqət dağınıqlığı, zəka testi və s. vacibdir. Amma bu nüansları müəyyən etmək və yekun fikir söyləmək üçün məktəb psixoloqlarının əlində zəngin resurs yoxdur.

Bu gün məktəb psixoloqları internet resursları üzərindən tapa bildikləri testi qısa zamanda, böyük ehtimalla elmi sübutlara əsaslanmadan tərcümə edirlər və istifadə edirlər. Bu bizə məktəb mühiti haqqında dəqiq elmi sübuta əsaslanan bir data verə bilməz. Biz həmin testləri adaptasiya olunduqdan sonra, əlbəttə ki, məktəb psixoloqlarına verəcəyik. Məsələ burasındadır ki, bu proses üç mərhələdən keçir. Yəni burada test adaptasiyasından sonra modelləmə aparmaq lazımdır. Modelləmək nədən ibarətdir? Yəni mövcud psixoloji problemlərin həlli ilə bağlı hansı təklifləri verirsiniz? O modelləmə aparılandan sonra üçüncü mərhələdə artıq bunu necə tətbiq eləməklə bağlı məktəb psixoloqları da daxil olmaqla bütün psixoloqlara təlimlər vermək lazımdır ki, sabah o testlərdən və modelləmədən düzgün istifadə qaydasını bilsinlər.

– Hazırda neçə psixoloji testin adaptasiyası yekunlaşıb?

– Bu proses çox uzun zaman aldığı üçün bu gün biz üç psixoloji testin adaptasiyasını yekunlaşdırmışıq. Test adaptasiyası ixtisaslaşmasından asılı olaraq minimum 4 ay və ya 1-2 il çəkə bilər. Hazırda bizim 5 tədqiqat qrupumuz var. Tədqiqatlardan biri “Beyin və davranış laboratoriyası”nın əməkdaşları tərəfindən aparılır. Bundan başqa təhsillə bağlı 3 tədqiqat qrupu çalışır, bir qrup sosial psixologiya ilə bağlı tədqiqatlar aparır. Hər tədqiqat qrupunda isə minimum 4-5 nəfər mütəxəssis var. Bizim resurslarımız da o qədər çox deyil, bunu da nəzərə almaq lazımdır. Yəni biz istəsək də, qısa zamanda bütün tədqiqatları yekunlaşdıra və ya hamısını eyni anda başlada bilmərik. Müvafiq resurslar olmasa, bunu eləmək olmaz. Bu layihələr mütləq  planlı şəkildə aparılmalıdır.

– Bu testlərin adaptasiyası aparıldıqdan sonra psixologiya sahəsində geniş istifadəsini təmin etmək üçün aidiyyəti qurumlarla əməkdaşlığa da zərurət yaranacaq deyə düşünürəm. Bəs, hansısa bir quruma müraciət etmisinizmi?

– Biz bu testlərin adaptasiyası ilə bağlı, əlbəttə müvafiq qurumlara da müraciət etmişik. Çünki biz bu gün inkişafdan, çağdaş dövrün reallığından danışırıqsa, burada əməkdaşlıq vacibdir.

Bu gün apardığımız tədqiqat işləri, imkan verir ki, yaxın 2 ildə Azərbaycanda doğrudan da istər testlərin adaptasiyasında, istər beynəlxalq indeksli jurnallarda  məqalələrin sayının artması və bu istiqamətdə təlimlərin, kursların keçirilməsində böyük bir inkişafa nail olaq. Hamı problemdən danışır, ancaq problem varsa, bunun bir həll yolu da olmalıdır. Biz məhz həmin problemlərin həll yollarının tapılması istiqamətində addımlar atırıq. Ona görə də bu işlər bir günə, bir aya ərsəyə gələ bilməz. Mən, xüsusilə, psixoloji testlərin adaptasiyasını vurğulamaq istəyirəm. Çünki yenə də deyirəm, bu testlər imkan verəcək ki, mövcud psixoloji durumu əsaslı şəkildə təhlil edə bilək. Bu testlər çox böyük bir açar rolunu oynayacaq. Biz bu açarla demək olar ki, bir çox qapıları aça biləcəyik.

– Burada təşkil olunan ixtisasartırma və digər proqramlar barədə məlumat verərdiniz?

– İxtisasartırma kursları bizdə kadr potensialının inkişafı üçün nəzərdə tutulub. Bizim müxtəlif istiqamətlər üzrə ixtisasartırma kurslarımız var və ixtisasartırma kurslarının böyük bir qismi qardaş Türkiyə Respublikasının müvafiq universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Mütəxəssislərin də böyük bir qismi məhz qardaş Türkiyə Respublikasından dəvət olunur. Həm canlı, həm də onlayn formatda dərslər olur. Biz bunu necə deyərlər, hibrid formada həyata keçiririk.

Biz Türkiyənin Yıldız Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalamışıq. Bununla yanaşı, Rasional Psixologiya İnstitutu, Amerikanın Albert Ellis İnstitutu, Psixoloji Danışmanlıq və Rəhbərlik Dərnəyi,  həmçinin bir neçə yerli ali təhsil müəssisələri ilə layihələr həyata keçiririk. Ötən il Psixologiya Elmi-Tədqiqat İnstitutu Türkiyədə keçirilən “23.Uluslararası Psikolojik Danışma ve Rehberlik Konqresi”ndə 2 araşdırma məqalə və “IV Avrasiya Pozitiv Psixologiya Konqresində” 2 araşdırma məqalə ilə təmsil olunub. Bunlar çox böyük uğurdur. Ötən il institutda həm də Koqnitiv Davranış Terapiyası üzrə “CBT Məktəbi”i fəaliyyətə başlayıb.

İmzalanan memorandumlar çərçivəsində biz kadrların ixtisasartırma təhsilini həyata keçiririk. Bu da təlim, konfrans, simpozium, kurslar şəklində gerçəkləşdirilir. Bizim keçən il Yıldız Texniki Universiteti ilə birgə həyata keçirdiyimiz 450 saatlıq “Ailə danışmanlığı” ixtisasartırma təhsilini qeyd edim. Yıldız Texniki Universiteti ilə bir yerdə həyata keçirdiyimiz “Uşaq psixologiyası və inkişafı” ixtisasartırma kursu da çox faydalı olub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Rasional Psixologiya İnstitutu, eləcə də ABŞ-nin Albert Ellis İnstitutu ilə bir yerdə “Rasional Emosional Koqnitiv Davranış Terapiyası” ilə bağlı iki qrup formasında kurslar oldu. Bu kursları keçən mütəxəssislərin əllərində gələcəkdə Azərbaycanda daha keyfiyyətli psixoloji xidməti göstərmək üçün resurslar olacaq. Yəni bu gün “Ailə danışmalığı”nı (ailə psixoloqu) keçən kurs iştirakçıları 450 saat müddətində öyrəndiklərini tətbiq edəcək, bu da  daha yaxşı, daha keyfiyyətli xidmət deməkdir.

Bu gün dünyada Koqnitiv Davranış Terapiyası “CBT” kursları var ki, iştirakçılar bu sahənin peşəkarlarından dərs alıblar. Kursları bitirənlər sonda imtahan verib sertifikat alıblar, bu həm də onu göstərir ki, onlar sabah vətəndaşlara keyfiyyətli xidmət verəcək. Çünki kadr potensialı vacibdir. Bu gün bizdə Koqnitiv Davranış Terapiyası üzərindən oyun terapiyası kursu həyata keçirilir. O da vacib bir kursdur. Bizim sırf tədqiqatçılar üçün nəzərdə tutulan layihəmiz də var ki, bu proqramı öyrənənlər sabah tədqiqat işlərində daha rahat hərəkət edə bilərlər. Həyata keçirilən layihələr çərçivəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə mütəxəssislərin gediş-gəliş təmin olunur. Bizim birgə tədqiqat aparmaq, birgə təlimlər keçirmək, tərəflərin bir-birinin praktikasından qarşılıqlı bəhrələnmək, birgə konfranslar keçirmək şansımız genişdir. Bu əməkdaşlıq mütəmadi aparılır. Hər ay Qardaş Türkiyə Respublikasından ən az bir professor yaxud dosent institutumuzda olur.  

– Bu proqramlara müraciətlər üçün hansı şərtlər mövcuddur?

– Aydın məsələdir ki, ixtisaslaşma kurslarına hər kəs qoşula bilməz, bunun bəlli bir şərtləri mövcuddur. Həmin ixtisaslaşma ilə bağlı kurslara psixologiya üzrə təhsil alan 3 və 4-cü kurs tələbələri, ali təhsilini bitirənlər, eləcə də, təhsildə sosial, psixoloji xidmət istiqamətində oxuyanlar iştirak edə bilərlər. Əslində, bu həm də kursun istiqamətinə baxır. “Ailə danışmanlığı” kursu konkret dövlət proqramı əsasındadır və Türkiyənin Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Bu kurslarda təhsildə sosial psixoloji xidməti bitirənlər, sosiologiyanı bitirənlər, həkimlər də iştirak edə bilərlər. Bilirsiniz, orada elə ixtisaslar var ki, Azərbaycanda var, Türkiyədə yoxdur, eləsi də var Türkiyədə var, bizdə yoxdur, ya da ixtisasların adları fərqlidir. Şübhəsiz ki, müraciət edənlərin birinci ixtisasa uyğunluğunu, ikinci diplomları yoxlanılır. Çünki kursda bəlli bir saat çərçivəsində təlim keçənlər iştirak edə bilərlər. Yəni iştirakçılar konkret qoyulmuş şərtlərə cavab verdikləri halda kursda qeydiyyatdan keçə bilərlər. Hər kəs iştirak edə bilməz.

Məsələn, “Rasional Emosional Koqnitiv Davranış Terapiyası” kurslarında yalnız psixologiya və təhsildə sosial psixoloji xidməti bitirənlər iştirak edə bilərlər. “Uşaq psixologiyası və inkişafı kursuna” psixoloqlar təhsildə sosial psixoloji xidmət, ibtidai təhsilin metodikasını bitirənlər də iştirak edə bilərlər. Yəni hər kursun özünün seçimləri var ki, o seçimlər əsasında biz ora dinləyici götürürük. Şübhəsiz ki, dinləyici götürmə prosesinə əməkdaşlıq etdiyimiz elmi müəssisələrlə bərabər təşkil etdiyimiz komissiya qərar verir.

– Bu gün Azərbaycanda psixologiyanın hansı qolu istiqamətində peşəkar kadrların yetişməsinə ehtiyac var?

– Bizdə kadrların hazırlanması ali məktəblərdə dörd illik bakalavr təhsili, magistr, doktorantura, eyni zamanda, kadrların yenidən hazırlanması, ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi və s. formada həyata keçirilir. Əgər söhbət kadrların daha çevik və dinamik hazırlanmasından gedirsə, bunun üçün şərait də yaradılmalıdır. Yəni bayaq qeyd etdiyim kimi, “Ailə danışmanlığı” üzrə ixtisasartırma kursu 450 saatdır. Bizdə isə ali təhsil müəssisələrində buna ayrılan saat maksimum 40-50 saat arasında dəyişir. Bu, ixtisasartırmaya zəmin yaradır. Bəlkə həmin kadr akademik sahədə irəliləmək istəmir? Bəlkə sadəcə mütəxəssis kimi çalışmaq istəyir, öz bilik və bacarığını artırmaq istəyir? Buna şərait yaradılmalıdır. Kim akademik istiqamətə getmək istəyir, getsin, magistratura və doktorantura pilləsində təhsilini davam elətdirsin.

– Hazırda Türkiyənin Yıldız Texniki Universitetinin mütəxəssisləri tərəfindən aparılan kurslar barədə məlumat verərdiniz.

– Ümumiyyətlə, kursların saatları və kursun tədris planı, proqramı var. Bu kursların demək olar ki, hamısı hibrid formadadır və burada həm Azərbaycandan,  həm də Türkiyənin Yıldız Texniki Universitetinin professor, dosent heyəti iştirak edir. 450 saatlıq “Ailə danışmanlığı” ixtisasartırma kursunda Türkiyədən 12 professor, dosent heyəti, bizim isə 6 mütəxəssisimiz var. “Uşaq psixologiyası və inkişafı” kursu 162 saatdır və orada Türkiyənin Yıldız Texniki Universitetinin 6 professor, dosent heyəti, Azərbaycandan isə üç mütəxəssisimiz bu kursu hibrid formada tədris edir. CBT üzərindən kurslar isə bizdə Türkiyə və ABŞ mütəxəssisləri tərəfindən tədris edilir. Çünki onlar müvafiq istiqamət üzrə akkreditasiya olunmuş mütəxəssislərdir. Orada da professor, dosent heyətləri tədris işini həyata keçirirlər. Bizim öz mütəxəssislərimizin də tədris etdiyi peşəkar kurslar var ki, orada da daha çox psixoloqların ixtisas artırılmasına, yeni kadr potensialının təkmilləşdirilməsinə fokuslanmışıq.

Türkiyənin Yıldız Texniki Universitetinin professor Mehmet Engin Dəniz, araşdırmaçı, dosent Seydi Ahmet Satıcı,  dosent Begüm Satıcı, Rasional Psixologiya İnstitutunun rəhbəri, dosent Murad Artıranı, ABŞ-dən Kristina Doyle, professor Zeynəb Qaraca, professor Yavuz Erişeni, professor Fuad Taahanı, professor Erdal Hamartanı, professor Metin Dənizi, dosent Umud Arslanı və s. qeyd edə bilərəm. Bizim bu sahədə olan mütəxəssislərdən 30-40 nəfər var ki, istər tədqiqat işində, istər kurslarda, təlimlərdə aktiv iştirak edirlər.

Yeri gəlmişkən qeyd edim ki, bu il iyunun 3-4 tarixlərində bizim “Psixologiya Zirvəsi 2” adlı konfransımız olacaq. Zirvə konfransında təkcə Türkiyədən 9 nəfər professor, dosent heyəti, Azərbaycandan isə 6 nəfərdən ibarət peşəkar heyət iştirak edəcək. Konfrans Bakı Slavyan Universitetində (BSU) keçiriləcək. Qeyd edim ki, BSU ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb və bu çərçivədə bir sıra layihələr həyata keçirilir.

– Psixologiya Elmi Tədqiqat İnstitutu fəaliyyəti, eləcə də Azərbaycanda psixologiya sahəsində ilk dəfə olaraq ən müasir cihazlarla təchiz edilmiş “Beyin və davranış laboratoriyası” yaradılıb. Bu laboratoriya eksperimental psixologiya sahəsinə nə kimi töhfə verir?

– Əsas məsələ psixologiya istənilən sahəsində tədqiqat işini aparmaq üçün lazım olan cihazların olmasıdır. Çox sevinirəm ki, biz Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Beyin və Davranış Laboratoriyası”nı yaratdıq və bu gün laboratoriyada bizim 10 cihazımız var. O cihazlardan bir qismi psixoloji diaqnostika işinin aparılması üçündür. Yəni bu gün bizim “Beyin Davranış Laboratoriyası”nda cihazlardan biri psixoloji diaqnostika işini həyata keçirməyə imkan verir. Laboratoriya “QEEG-Quantitative” (Rəqəmsal) Elektroensefaloqramma, “Neurofeedback”, “Neurofeedback robotu”, “Biofeedback”, “tDCS-Transkranial Birbaşa Cərəyan Stimulyasiyası”, “Virtual Reallıq – VR”, “BETA ALFA”, “Beta One və ya liTMS” və digər ən müasir aparatlarla təchiz olunub.

Burada tədqiqat işinin aparılması laboratoriya tədqiqat qrupunun ixtiyarındadır. Artıq biz oyun asılılığı ilə bağlı bir tədqiqat işini yekunlaşdırmışıq. Zərərli vərdişlərdən asılılıqla bağlı başlayan tədqiqat işi də yekunlaşmaq üzrədir. Eyni zamanda, ali məktəblərdən tələbələr praktiki dərsləri “Beyin və Davranış Laboratoriyası”nda keçə bilirlər. Hətta əməkdaşlıq çərçivəsində biz bəzi təhsil proqramlarında təhsil alan tələbələrin də burada tədqiqat aparmasına şərait yaradırıq. Məsələn, ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsində beynəlxalq ikili diplom dövlət proqramında təhsil alan tələbələri praktik dərsləri Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirlər. Eləcə də, bu istiqamətdə gələcəkdə artıq tədqiqatın aparılması, eyni zamanda, psixoloji diaqnostika və korreksiya prosesində həmin o cihazların köməyi ilə vətəndaşlara da xidmət göstərə biləcəyik.

Biz Azərbaycanda bir çox dövlət və özəl qurumlarla əməkdaşlıq edirik. Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri “ABC College Baku”, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu çərçivəsində onlarda  psixoloji xidməti həyata keçirirlər. Eyni zamanda, Bakı Slavyan Universiteti ilə bizim birgə əməkdaşlığımız var. Bir çox ali məktəblərdə də psixologiya və təhsildə sosial psixoloji xidmət istiqaməti üzrə təhsil alan tələbələr praktik təcrübənin bir qismini Psixologiya Elmi -Tədqiqat İnstitutunda keçirlər. Yəni bizim əsas məqsədimiz qeyd etdiyim kimi, psixologiya sahəsində elmi tədqiqat işlərinin aparılması, kadr potensialının təkmilləşdirilməsində fəal iştirak etməkdir. Paralel olaraq vətəndaşlara da peşəkar psixoloji yardım göstəririk.

Sadaladığım bütün istiqamətlərin öz-özlüyündə həm də alt istiqamətləri var və bu gün institutumuzda bu istiqamətdə müvafiq işlər aparılır. Biz bu işləri mövcud fəaliyyət planı əsasında görürük. Mütəmadi olaraq konfransların, seminarların keçirilməsi davam edəcək və inanırıq ki, qazanılan təcrübələr sayəsində həm elmi tədqiqat potensialı, həm də vətəndaşlara göstərilən psixoloji xidmətin kəmiyyəti, keyfiyyəti daha da artacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir