Tibb Universitetinin dərslikləri rezidentura proqramını əhatə etmir – DİM

Baş səhifə

Bakı. Trend:

Rezidentura imtahanı nəticələrinin təhlili göstərir ki,
namizədlərin cavablandırmaqda çətinlik çəkdikləri test
tapşırıqlarının əksəriyyəti yalnız xarici dildə olan ədəbiyyatlarda
dərc edilmiş materiallar əsasında tərtib olunan tapşırıqlardır. Bu
isə ATU-da tədris zamanı istifadə olunan dərsliklərin rezidenturaya
qəbul proqramlarını tam əhatə etməməsindən irəli gəlir.

Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent”
jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, müasir müayinə və müalicə metodları haqqında
məlumatların, xəstəliklərin yeni təsnifatlarının Azərbaycan dilində
olan ədəbiyyatlarda natamam verilməsi və ya, ümumiyyətlə,
verilməməsi xarici dillərdə olan ədəbiyyatlardan istifadəyə zərurət
yaradır.

“Digər bir səbəb isə ədəbiyyat mənbələrinin sayca çox olmasıdır.
Bu problemlərin aradan qaldırılması üçün rezidenturaya
hazırlaşanlara kömək məqsədi ilə DİM-də baza fənləri üzrə
elmi-metodik vəsaitlər tərtib edilmişdir. Buna görə də Rezidentura
üzrə şöbə tərəfindən baza fənlərində olduğu kimi ixtisas fənləri
üzrə də rezidenturaya qəbul proqramlarını tam əhatə edən, müvafiq
elm sahəsinə dair ən müasir məlumatları lakonik şəkildə özündə
cəmləyən elmi-metodik vəsaitlərin tərtibinə başlanılıb. Ötən
illərdə ixtisas fənləri üzrə ilk dəfə Azərbaycan və rus dillərində
nəşr edilmiş ‘Terapevtik stomatologiya (parodont və oral mukoza
xəstəlikləri)’ və ‘İxtisas fənləri üzrə test toplusu’ adlı
vəsaitləri buna misal göstərmək olar.




Hesab edirik ki, təqdim etdiyimiz elmi-statistik təhlillər tibb
təhsili müəssisələrində çalışanlar üçün tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasına, həmçinin namizədlərin rezidenturaya qəbul
imtahanlarına sərbəst hazırlaşmalarına yardımçı olacaqdır”.

Qeyd olunub ki, aparılan təhlillərdən rezidenturaya qəbul
imtahanlarında uğur qazanmaq üçün namizədlərdən dərslikdəki
materialları öyrənməklə yanaşı, həm də ümumiləşdirmə aparmaq,
tədris zamanı mənimsədikləri bilikləri sistemləşdirmək və tətbiq
etmək bacarıqlarını inkişaf etdirmək tələb olunduğu qənaətinə
gəlmək olar.

“Əsas (baza ali) tibb təhsili verən ali təhsil müəssisələrində
isə tələbələrin məntiqi düşünmə, nəzəri biliklərini tətbiqetmə
bacarıqlarının inkişaf etdirilməsinə diqqət artırılmalı, təhsilin
səviyyəsi müasir tələblərə uyğunlaşdırılmalı və daha çox
tətbiqyönlü olmalı, eləcə də bu tələblərə cavab verən dərsliklər və
ya dərs vəsaitləri hazırlanmalıdır”.

Vurğulanıb ki, namizədlərin bilik, bacarıq və vərdişlərində olan
çatışmazlıqların bir qismi onların praktik yönlü biliyinin dərin
olmaması ilə bağlıdır ki, bu da, əsasən, tədris prosesində həmin
istiqamətə az diqqət yetirilməsinin göstəricisidir.