
Bakı. Trend:
Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış
sahələri ilə təmin olunması, onların mülkiyyət hüquqlarının bərpası
və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Trend-in
məlumatına görə, qanun layihəsi parlamentin bugünkü iclasında
müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik
nəticəsində yeni “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi
Məşkunlaşma Fondu” yaradılacaq. Bu fonda daxil edilən
yaşayış sahələri məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi
və həmin mənzillərin onların mülkiyyətinə verilməsi üçün istifadə
olunacaq.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər
məcburi köçkün statusunun itirilməsi hallarını da konkretləşdirir.
Yeni qaydalara görə, şəxs əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı
region üzrə müəyyən edilmiş ölçülərə uyğun başqa yaşayış sahəsi ilə
təmin edildikdən sonra onun mülkiyyət hüququnun tam bərpa olunduğu
hesab ediləcək.
Layihəyə əsasən, dövlət tərəfindən təklif edilən yaşayış
sahəsini qəbul etməyən şəxslər də məcburi köçkün statusunu
itirəcəklər.
Sənəddə sosial müdafiə tədbirlərinin tətbiq müddətinə də
aydınlıq gətirilir. Belə ki, mövcud qanunvericilikdə nəzərdə
tutulan 3 illik güzəşt müddəti şəxsin məcburi
köçkün statusunu itirdiyi və ya təklif olunan yaşayış sahəsindən
imtina etdiyi tarixdən hesablanacaq.
Bundan əlavə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında” Qanuna təklif olunan
dəyişikliklə məcburi köçkünlərin köçürülməsi mexanizmi yenilənir.
Yeni yanaşmaya görə, dövlətin öhdəliyi vətəndaşa yaşayış sahəsinin
təklif edilməsi ilə yerinə yetirilmiş hesab olunacaq.
Dəyişikliklərin məcburi köçkünlərin mənzil hüquqları ilə yanaşı,
üçüncü şəxslərin qanuni maraqları arasında balansın təmin
edilməsinə xidmət etdiyi bildirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
ikinci oxunuşda qəbul edilib.

