Dövlət qulluğu vətəndaşla dövlət arasında etibarlı körpüdür –

Baş səhifə

Hər bir müstəqil və suveren dövlətin təməl sütunlarını və onun idarəetmə mexanizminin səmərəliliyini formalaşdıran ən mühüm amillərdən biri güclü, peşəkar və milli maraqlara sadiq dövlət qulluğu sistemidir. Azərbaycanda dövlət təsisatlarının təşəkkülü, qanunun aliliyinin təmin edilməsi və vətəndaş məmnunluğunun qazanılması istiqamətində fəaliyyət göstərən dövlət qulluqçularının əməyi hər zaman yüksək qiymətləndirilir. Məhz bu yüksək qiymətləndirmənin və dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsi olaraq, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir.

Ölkəmizdə dövlət qulluqçularının peşə bayramının təsis olunması bir sıra vacib amillərlə sıx bağlıdır. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il mayın 25-də imzaladığı xüsusi Sərəncamla rəsmiləşdirilmişdir. Sərəncamın imzalanmasında əsas məqsəd dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesindəki əvəzsiz rolunu diqqət mərkəzinə çəkmək və bu sahədə çalışanların fəaliyyətini stimullaşdırmaq olmuşdur. Dövlət başçısının bu qərarı, ölkədə dövlət qulluğu təsisatına verilən yüksək statusun və bu funksiyanı yerinə yetirən insanlara olan ali etimadın fundamental göstəricisidir.

Müasir Azərbaycanın dövlət idarəetmə sisteminin qurulması, təkmilləşdirilməsi və elmi əsaslarla inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çoxillik təcrübəsi sayəsində çox yaxşı bilirdi ki, güclü dövlət aparatı və peşəkar kadr potensialı olmadan müstəqilliyi qorumaq, iqtisadi və siyasi islahatları uğurla həyata keçirmək qeyri-mümkündür. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində1993-cü ilin ikinci yarısından etibarən ölkədə köklü idarəetmə islahatlarına start verildi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət qulluğunun hüquqi bazasını müəyyən etdi. Ulu Öndər dövlət məmurunun obrazını hər zaman yüksək mənəvi meyarlarla xarakterizə edir, onlardan dürüstlük, xalqa bağlılıq və qanunlara mütləq riayət tələb edirdi. Onun rəhbərliyi dövründə dövlət idarəçiliyində xaos və pərakəndəlik aradan qaldırıldı, qanunun aliliyinə əsaslanan işlək mexanizm yaradıldı. Bu islahatların məntiqi nəticəsi olaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu qanun ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoydu, kadrların seçilməsi, yerləşdirilməsi və onların hüquqi statusunun müəyyənləşdirilməsində inqilabi yeniliklərə yolaçdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttini uğurla davam etdirən Prezident İlham Əliyev dövlət qulluğu sistemini müasir dövrün çağırışlarına, qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni inkişaf mərhələsinə yüksəltdi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar idarəetmədə çevikliyin artırılmasına, şəffaflığın təmin edilməsinə və bürokratik əngəllərin tamamilə aradan qaldırılmasına yönəldi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən və 2019-2025-ci illəri əhatə edən dövlət qulluğunun inkişafına dair Strategiya ölkədə kadrpotensialının intellektual keyfiyyətinin yüksəldilməsinə, idarəetmədə innovativ metodların tətbiqinə rəvac verdi. Bu gün Azərbaycanda dövlət qulluğuna qəbul prosesi tamamilə obyektiv, şəffaf və imtahan sisteminə əsaslanır.

Dövlət qulluğu sistemində aparılan islahatlarla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Gününün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri var. Deputat qeyd edib ki, Azərbaycanda dövlət qulluğu sistemi müasir çağırışlara uyğun ardıcıl şəkildə təkmilləşdirilir, şəffaflıq, peşəkarlıq və çevik idarəetmə prinsiplərinə əsaslanan müasir və səmərəli idarəetmə mexanizmi formalaşdırılıb:

Fotoda: millət vəkili Ceyhun Məmmədov

“Müstəqilliyimizin ilk illərində idarəetmədəki boşluqlar məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı və dayanıqlı bir dövlət aparatı formalaşdırıldı. Ulu Öndərin əsasını qoyduğu hüquqi islahatlar bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, müasir dövrdə dövlət qulluqçusu olmaq sadəcə inzibati vəzifə icra etmək deyil, eyni zamanda böyük mənəvi məsuliyyət daşımaq, dövlətin və vətəndaşın maraqlarını hər şeydən uca tutmaq deməkdir. Dövlət qulluğu sahəsində peşəkarlığın artırılması, kadr potensialının gücləndirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına və dövlətçilik ənənələrinə sadiqliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü və ardıcıl fəaliyyət təqdirəlayiqdir. Gənc və yüksəkixtisaslı mütəxəssislərin dövlət idarəçiliyinə cəlb edilməsi, ehtiyat kadr bazasının genişləndirilməsi və bu sahədə davamlı inkişafın təmin olunması istiqamətində görülən işlər xüsusilə qeyd olunmalıdır. İnanıram ki, bundan sonra da dövlət qulluğu sisteminin davamlı inkişafının, innovativ yanaşmaların tətbiqinin və yeni təşəbbüslərin həyata keçirilməsinin şahidi olacağıq”.

Politoloq Tural İsmayılov isə bildirib ki, güclü dövlət qulluğu institutu hər bir ölkənin milli təhlükəsizliyinin, daxili sabitliyinin və beynəlxalq müstəvidə qazandığı uğurların əsas təminatçılarından biridir. Onun sözlərinə görə, Azərbaycanın son illərdə iqtisadi, siyasi və hərbi sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətlərin arxasında peşəkar, çevik, koordinasiyalı və milli maraqlara sadiq dövlət idarəçiliyi sistemi dayanır.

Fotoda: politoloq Tural İsmayılov

Politoloq qeyd edib ki, dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması və bürokratik maneələrin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatlar Azərbaycanı qabaqcıl idarəetmə modellərinə malik dövlətlər sırasında ön sıralara çıxarıb:

“Dövlət qulluqçusu dövlətlə vətəndaş arasında etimad, şəffaflıq və məsuliyyət körpüsünün əsas daşıyıcısıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “Mən hər bir Azərbaycan vətəndaşının xidmətçisiyəm” prinsipi hər bir dövlət qulluqçusunun fəaliyyətində əsas mənəvi dəyər və peşəkar davranış meyarı olmalıdır”.

Tural İsmayılov vurğulayıb ki, ölkəmizdə dövlət qulluğu sisteminin müasir əsaslar üzərində formalaşması və institusional inkişafı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm nəticələrindən biridir. Məhz bu fundamental zəmin idarəetmədə çevikliyi və şəffaflığı təmin edərək, kadr potensialının güclənməsinə rəvac vermişdir. Bu strateji kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir, yeni texnoloji və innovativ mexanizmlərlə daha da zənginləşdirilir.

Politoloq əlavə edib ki, Azərbaycanın əldə etdiyi uğurların davamlılığının təmin olunması üçün yüksək intellektual potensiala malik, vətənpərvər və peşəkar dövlət qulluqçuları korpusunun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Aynur Abdınova / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.